Sirkadiya ritmlər əzələ bərpasına necə təsir edir? – Araşdırma

Sağlamlıq

15.03.2025 11:47

2721

Yeni araşdırmalara görə, orqanizmin bioloji saatı təkcə yuxu rejimini deyil, həm də əzələlərin nə qədər tez bərpa olunduğunu müəyyənləşdirir. 

TodayPress xəbər verir ki, ABŞ-nin Şimal-Qərb Universitetinin alimlərinin “Science Advances” jurnalında yayımlanan tədqiqatı göstərir ki, əzələ zədələri orqanizmin oyaq olduğu saatlarda baş verərsə, daha sürətlə sağalır.

Tədqiqatın baş müəllifi, Şimal-Qərb Universitetinin Feinberq Tibb Məktəbinin biokimya və molekulyar genetika kafedrasının dosenti Klara Pik bildirib ki, bu nəticələr növbəli iş rejimində çalışan insanlar üçün əhəmiyyətli ola bilər. Eyni zamanda, yaşlanma və piylənmənin təsirlərini anlamağa da kömək edə bilər.

Tədqiqat həmçinin zaman kəsilmələri və yay-qış saatlarının dəyişdirilməsinin sirkadiya ritmlərə və əzələ bərpasına necə təsir etdiyini izah edə bilər. Pik və onun komandası tədqiqat çərçivəsində siçanların müxtəlif vaxtlarda zədələnmiş və sağlam əzələ toxumalarının tək hüceyrə səviyyəsində analizini aparıb.

Məlum olub ki, günün saatı əzələlərdəki iltihabi reaksiyalara təsir edir. Bu reaksiyalar, əzələlərin bərpasında mühüm rol oynayan immun hüceyrələri – neyrofillərin aktivləşməsinə siqnal göndərir. “Biz müəyyən etdik ki, əzələ zədəsi siçanların aktiv olduğu saatlarda baş verdikdə, hüceyrələrin bir-biri ilə əlaqəsi daha güclü olur və bərpa prosesi sürətlənir” deyə Pik bildirib.

Bundan əlavə, alimlər müəyyən ediblər ki, əzələ kök hüceyrələrinin daxili saatları bədənin enerji istehsalında və metabolik proseslərdə mühüm rol oynayan NAD+ adlı kofermentin istehsalına təsir edir.

Tədqiqat qrupu genetik modifikasiya olunmuş siçan modeli üzərində aparılan təcrübədə NAD+ istehsalının artmasının əzələ regenerasiyasını sürətləndirdiyini müşahidə edib. NAD+ neyrofilləri cəlb edərək iltihabi reaksiyaları gücləndirir və bərpa prosesini stimullaşdırır.

Pik qeyd edib ki, bu araşdırma yaşlanma və piylənmə zamanı sirkadiya ritmlərin pozulmasının əzələ regenerasiyasına necə təsir etdiyini anlamağa kömək edə bilər. 

“Yaşlanma və metabolik sindromlarla bağlı sirkadiya pozuntuları əzələlərin bərpa qabiliyyətinin azalması ilə əlaqələndirilir. İndi biz bu proseslərin immun sistemi ilə necə qarşılıqlı əlaqədə olduğunu öyrənə bilərik” alim vurğulayıb.   

Qiymət Mahir

tag: Əzələ,İnkişaf,Tədqiqat,Alimlər,Araşdırma,Todaypress.az,