Şirin məhsullarla səhər yeməyi təhlükəlidir
Səhər yeməyində konfet, peçenye və digər şirin məhsulların istehlakı ciddi sağlamlıq problemlərinə yol aça bilər.
TodayPress xəbər verir ki, bu barədə ispaniyalı kardioloq Xose Abelan “La Razon”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, səhər yeməyi günün “metabolik tonunu” müəyyən edir və qəbul olunan qidanın keyfiyyəti birbaşa insanın ümumi vəziyyətinə təsir edir.
Abelan qeyd edib ki, əksər şirin məhsullar yüksək dərəcədə emal olunmuş qidalar kateqoriyasına aiddir və bu cür məhsullar doyma siqnallarını pozur, iştahanı artırır və nəticədə həddindən artıq qidalanmaya səbəb olur. Üstəlik, belə qidalar orqanizm üçün səhər vacib olan vitamin, mineral, zülal, faydalı yağlar və kompleks karbohidratlar baxımından olduqca kasaddır.
Kardioloq əlavə edib ki, şirin qidaların səbəb olduğu qan şəkəri səviyyəsindəki ani dəyişikliklər çəkinin artmasına, ürək-damar xəstəlikləri riskinin yüksəlməsinə və immun sisteminin zəifləməsinə gətirib çıxara bilər.
Bununla belə, o, tam şəkildə şirniyyatlardan imtina etməyə çağırmır:
“Arada bir peçenye yemək problem deyil, problem ondadır ki, insanlar sağlam səhər yeməyini mütəmadi olaraq belə qidalarla əvəzləyirlər” deyə Abelan vurğulayıb.
Qiymət Mahir
tag: Səhər yeməyi,Konfet,Peçenye,Xose Abelyan,todaypress.az,