Şirin içkilər ağız xərçənginin riskini artırır – Yeni araşdırma
Vaşinqton Universitetinin yeni araşdırmasına görə, hər gün azı bir şəkərli içki içən qadınlarda ağız xərçənginə tutulma riski beş dəfə artır.
TodayPress xəbər verir ki, bu barədə “JAMA Otolaryngology-Head & Neck Surgery” jurnalında tədqiqat yayımlanıb.
Araşdırma göstərib ki, bu artım xüsusilə siqaret çəkməyən və alkoqol qəbul etməyən gənc qadınlar arasında müşahidə olunur.
Əvvəllər ağız xərçəngi əsasən siqaret, alkoqol və betel qozu çeynəmə ilə əlaqələndirilirdi və daha çox yaşlı kişilərdə rast gəlinirdi.
Siqaret əleyhinə kampaniyalar bu xəstəliyin ümumi yayılmasını azaltsa da, siqaret çəkməyən insanlar, xüsusilə gənc ağdərili qadınlar arasında xəstəliyin artması alimləri narahat edir.
Araşdırmanın aparıcı müəllifi, Vaşinqton Universitetinin tibb fakültəsinin otolarinqologiya kafedrasının dosenti Dr. Brittani Barber bildirib ki, şəkərli içkilərlə ağız xərçəngi arasındakı əlaqə əvvəllər araşdırılmayıb.
Əvvəlki tədqiqatlar bu içkilərin bağırsaq və mədə xərçəngi ilə əlaqəli olduğunu göstərsə də, baş və boyun xərçəngləri ilə bağlı risklərə ilk dəfə diqqət yetirilib.
Barber vurğulayıb ki, ağız xərçəngi süd vəzi və yoğun bağırsaq xərçəngi qədər geniş yayılmasa da (hər 100 min nəfərə 4-4,3 hal), risk faktorları olmayan qadınlarda xəstəliyin artması xüsusi diqqət tələb edir. Alimlər bildirirlər ki, bu araşdırma şəkərli içkilərin sağlamlığa mənfi təsirlərini yenidən gündəmə gətirir və ağız xərçənginin səbəblərinin araşdırılmasında yeni istiqamətlər aça bilər.
Qiymət Mahir
tag: Şirin,İçki,Şəkər,Sağlamlıq,Todaypress.az,