Şərqi Afrikadakı ənənəvi pəhriz: Yeni sağlamlıq açarı?

Sağlamlıq

17.04.2025 20:00

12

Tanzaniyada yerləşən Caqqa xalqının ənənəvi qidalanma tərzi sağlamlıq baxımından Aralıq dənizi pəhrizi ilə müqayisə edilə bilər. 

TodayPress xəbər verir ki, bu qənaət “Nature Medicine” jurnalında dərc olunmuş yeni tədqiqatın nəticələrində yer alıb.

Niderlandın Radboud Universiteti Tibb Mərkəzinin professoru Kvirin de Mastın rəhbərlik etdiyi araşdırmada iştirak edən 77 kişi üzərində aparılan sınaqlar zamanı aydın olub ki, Şərqi Afrikaya xas olan, lif və bitki əsaslı ənənəvi pəhriz bədənə iltihab əleyhinə təsir göstərir.

İki həftə ərzində kənddə yaşayan kişilər ənənəvi qidalanmadan Qərb üslubunda pəhrizə keçib – ağ çörək, kolbasa, qızardılmış toyuq kimi emal olunmuş qidalar yeyiblər. Eyni zamanda, şəhərdə yaşayan və daha çox Qərb qidası ilə qidalanan kişilər ya ənənəvi pəhrizə keçib, ya da qida rasionuna “mbegə” adlı fermentasiya olunmuş banan içkisi əlavə ediblər.

Nəticədə müəyyən olunub ki, Qərb qidasına keçid iltihabı artırır, əksinə, kənd qidasına qayıdış və ya “mbegə” içkisi istifadəsi iltihabı azaldır. Bu da ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet və autoimmun xəstəliklər kimi problemlərin riskini azalda bilər.

De Mast qeyd edib ki, bu fayda təkcə bir “super qida” ilə deyil, pəhrizdəki müxtəlif elementlərin qarşılıqlı təsiri ilə izah olunur: 

“Fikrimcə, burada əsas məsələ qida rasionunun bütövlüyüdür”.

“Mbegə” adlı içkinin fermentasiya prosesi bağırsaq üçün faydalı mikroblar və kimyəvi birləşmələrlə zənginləşməyə imkan yaradır. Amma alimlər tərkibindəki alkoqol və mümkün çirklənmə səbəbindən bu içkinin istifadəsində ehtiyatlı olmağı tövsiyə edirlər.

Tədqiqatçılar vurğulayıblar ki, bu nəticələr Şərqi Afrikada yaşayan digər icmalara aid olmaya bilər. Tanzaniyada 100-dən çox tayfa yaşayır və hər birinin özünəməxsus qida mədəniyyəti mövcuddur. Urbanizasiya və Qərb qidalanmasına keçid fonunda bu ənənəvi pəhrizlər tədqiq olunmadan yoxa çıxa bilər.

Qiymət Mahir

tag: Tanzaniya,Caqqa ,Sağlamlıq,Qidalanma,todaypress.az,