Şərabın xərçəngə təsirləri

Sağlamlıq

14.03.2025 12:08

2260

Qırmızı şərabın antioksidant xüsusiyyətlərinə malik olan resveratrol tərkibli olması səbəbilə xərçəngdən qoruyucu təsir göstərə biləcəyi düşünülür. Lakin bu iddianı dəstəkləyən konkret elmi sübutlar yoxdur. 

TodayPress xəbər verir ki, bu barədə “Nutrients”də dərc edilən yeni elmi icmalda qeyd edilib.

Tədqiqatçılar bildiriblər ki, nə qırmızı, nə də ağ şərabın xərçəng riskini artırdığına dair aydın sübut yoxdur. Braun Universitetinin Epidemiologiya və Dermatologiya fakültəsinin dosenti Yın Yen Ço və onun komandası 42 araşdırmanın məlumatlarını birləşdirərək 96 000 nəfərin iştirak etdiyi genişmiqyaslı meta-analiz aparıb.

“Tədqiqatımız qırmızı və ağ şərab arasında xərçəng riski baxımından əhəmiyyətli bir fərq aşkar etmədi” deyə Ço vurğulayıb. Tədqiqatçılar qeyd ediblər ki, qırmızı şərabın tərkibində resveratrolun daha yüksək olmasına baxmayaraq, bu maddə insan orqanizmi tərəfindən sürətlə parçalanır və xaric olunur. Bu səbəbdən, resveratrolun xərçəngə qarşı qoruyucu təsiri ola biləcəyi ehtimalı zəif görünür. Lakin alimlər bəzi spesifik xərçəng növləri ilə şərab istehlakı arasında əlaqə müəyyən ediblər. Məsələn, ağ şərab istehlakı dəri xərçəngi riskini 22% artırır.

Ağ şərab içən qadınlarda ümumi xərçəng riski daha yüksəkdir. Mütəxəssislər ehtimal edirlər ki, ağ şərab içən insanlar daha çox günəş vannası qəbul edir və ya günəşdən qoruyucu kremlərdən düzgün istifadə etmirlər, bu da dəri xərçəngi riskini artıra bilər.

Alimlər bildirirlər ki, əsas problem spirtin özü, yəni etanol tərkibidir. Alkoqol orqanizmdə parçalanaraq DNT və zülallara zərər verən maddələrə çevrilir ki, bu da xərçəng riskini yüksəldir. Araşdırmaya görə, 2020-ci ildə dünyada 740 000-dən çox xərçəng hadisəsi həddindən artıq spirtli içki istifadəsi ilə əlaqələndirilib. Bu, bütün xərçəng hallarının 4%-ni təşkil edir.

Tədqiqatçılar xəbərdarlıq ediblər ki, qırmızı şərab ağ şərabdan daha sağlam seçim deyil və alkoqol istehlakının azaldılması ümumi sağlamlıq üçün vacibdir. 

Qiymət Mahir

tag: Şərab,Xərçəng,Sağlamlıq,Spirt,Todaypress.az,