Şəkərli meyvələr diabet və qaraciyər piylənməsinə səbəb olmur – Araşdırma

Sağlamlıq

12.03.2025 17:58

2718

Fruktoza ilə zəngin olan manqo və üzüm diabet, qaraciyər piylənməsi və xərçəng riskini artırmır. 

TodayPress xəbər verir ki, bu barədə Oksford Universitetinin metabolik sağlamlıq üzrə tədqiqatçısı doktor Nik Norvits “Daily Mail”ə danışıb. 

Onun sözlərinə görə, fruktoza təbii şəkər növüdür və bitki mənşəli qidalarda, eləcə də balda mövcuddur. Bununla belə, fruktoza tez-tez qarğıdalı siropu formasında emal olunmuş qidalara əlavə edilir. Bu maddə qazlı içkilərin, səhər yeməyi üçün quru qarışıqların, süd məhsullarının və konfetlərin istehsalında istifadə olunur.

Manqo, üzüm və tropik meyvə olan cekfrut fruktoza baxımından ən zəngin qidalar hesab edilir. Lakin doktor Norvitsin fikrincə, bu meyvələrin şirinliyi insanları onları istehlak etməkdən çəkinməyə vadar etməməlidir.

Alim 2014-cü ildə ABŞ Milli Tibb İnstitutu tərəfindən aparılan araşdırmaya istinad edərək bildirib ki, fruktozanın orqanizmə xüsusi təsiri yoxdur və onun qəbulu digər şəkər mənbələri ilə müqayisədə çəki artımına səbəb olmur. Həmçinin, bu maddə bağırsaq və qaraciyərə zərər yetirmir.

Mütəxəssis əlavə edib ki, manqo tərkibində 20-dən çox vitamin və mineral, habelə bağırsaq xərçəngi və ürək-damar xəstəlikləri riskini azaldan lif və antioksidantlar ehtiva edir.

Üzüm də az miqdarda qəbul edildikdə təhlükəsiz hesab olunur. Rəngindən asılı olmayaraq, bir stəkan üzümdə təxminən 12,3 qram fruktoza var, bu da eyni həcmdə olan bananın (5,7 qram) göstəricisindən xeyli yüksəkdir.

Üzümü həddindən artıq çox yemək həzm problemlərinə səbəb ola bilər. Lakin elmi araşdırmalar üzümün ürək və beyin sağlamlığı üçün faydalı olduğunu göstərib. Buna görə də ondan tamamilə imtina etmək tövsiyə olunmur.

Qiymət Mahir

tag: Şəkərli,Meyvə,Naqo,Üzüm,Todaypress.az,