Rusiyada xərçəngə qarşı genetik test yaradıldı

Sağlamlıq

20.04.2025 18:15

9

Rusiyada süd vəzisi xərçəngi (SVX) diaqnozu qoyulan qadınlar üçün yaradılmış ilk yüksəktexnologiyalı genetik test klinik sınaqlardan uğurla keçib.

TodayPress xəbər verir ki, bu barədə “Nauçnaya Rossiya” məlumat yayıb. 

2024-cü ildə Moskva PA Herzen adına Elmi Onkoloji İnstitutunda sınaqlarına başlanan “Target RMJ” adlı test Seçenov Universitetinin Tətbiqi Genom Texnologiyaları Sənaye Laboratoriyası və “OnkoAtlas” Molekulyar Onkologiya Mərkəzi tərəfindən hazırlanıb.

Test-sistem eyni zamanda iki funksiyanı yerinə yetirir: irsi süd vəzi xərçənginə səbəb olan gen mutasiyalarını müəyyən edir və həmin mutasiyaların hədəf yönlü preparatlara (target dərmanlara) qarşı həssaslığını təyin etməklə fərdi müalicə planını müəyyənləşdirməyə imkan verir.

Ənənəvi yanaşmadan fərqli olaraq, bu test təkcə qandan deyil, birbaşa şiş toxumasından həm irsi, həm də sonradan yaranmış mutasiyaların təhlilinə şərait yaradır. Bu isə həkimlərə xəstənin hədəf müalicəyə cavab verib-verməyəcəyini əvvəlcədən müəyyən etməyə imkan verir.

Seçenov Universitetinin Fərdi Onkologiya İnstitutunun direktoru, layihənin rəhbəri Marina Sekaçeva bildirib ki, test bir dəfəlik analizlə bütün zəruri məlumatları təqdim edir: 

“Onkoloq artıq əlavə testlərə ehtiyac duymadan, bir analizlə müalicə taktikasını müəyyən edə bilər. Bu sistem həm də effekt verməyəcək sxemlərdən imtinaya imkan yaradır”.

Test 20-dən çox geni əhatə edir və hazırda klinikada istifadə olunan, eləcə də yaxın illərdə istifadəyə veriləcək dərmanlara qarşı potensial həssaslığı proqnozlaşdıra bilir. “OnkoAtlas” mərkəzinin direktoru Vladislav Mileyko vurğulayıb ki, bu test yalnız bu gün üçün deyil, gələcək klinik praktikaya da uyğunlaşdırılıb: 

“Yeni dərmanlar hələ klinikaya daxil olmadan, bu test onların xəstəyə uyğun olub-olmadığını əvvəlcədən göstərəcək”.

Test-sistemin Roszdravnadzordan rəsmi qeydiyyat sənədi alacağı halda ölkənin müxtəlif klinikalarında tətbiqinə başlanacaq.

Qiymət Mahir

tag: Rusiya,Test,Xərçəng,Xəstəlik,todaypress.az,