Reanimatoloji-anestezioloji xidmətin gücləndirilməsi üçün təlimlərə start verildi

Sağlamlıq

18.04.2025 09:48

10

TƏBİB-in İcraçı direktorunun tapşırığına əsasən qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində Reanimatoloji-anestezioloji xidmətin gücləndirilməsi məqsədilə Yeni Klinikada təlimlərə başlanılıb.

Bu barədə TodayPress-ə TƏBİB-dən məlumat verilib.

Təlimlərin ilk mərhələsində Şəmkir və Tovuz rayon mərkəzi xəstəxanalarının Reanimasiya-anesteziologiya şöbəsində çalışan 7 həkim və 19 orta tibb işçisi Yeni Klinikaya ezam olunub. 

Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımovun rəhbərliyi ilə həyata keçirilən təlim proqramı çərçivəsində ezam olunmuş tibbi heyət ilkin qiymətləndirmədən keçirilib. Təlimin başlanğıcında tibb işçiləri imtahana cəlb olunaraq bilik və bacarıqları yoxlanılıb, müşahidə edilən boşluqlar əsasında fərdi şəkildə istiqamətləndirilib. 

Bir ay davam edəcək təlim müddətində ezam olunmuş tibb işçiləri Yeni Klinikanın Reanimasiya və anesteziologiya şöbələrində praktiki və nəzəri biliklərini artıraraq, real klinik hallarda təcrübə qazanacaqlar.

Təlim proqramı çərçivəsində praktiki biliklərlə yanaşı, nəzəri biliklərin artırılmasına da xüsusi diqqət yetiriləcək.

Bu məqsədlə tibb işçiləri Yeni Klinikanın nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında təşkil olunan seminar və təlim sessiyalarında iştirak edəcəklər. 

Qeyd edək ki, bölgələrdə göstərilən reanimatoloji və anestezioloji xidmətlərin səviyyəsinin yüksəldilməsinə, pasiyent məmnuniyyətinin artırılmasına və tibbi heyətin peşəkar inkişafına töhfə verməyi hədəflən təlimlərə TƏBİB tabeliyində fəaliyyət göstərən digər tibb müəssisələrinin cəlb olunması nəzərdə tutulub.

tag: TƏBİB,Təlim,Səhiyyə,Sağlamlıq,Todaypress.az,