Ramazan bayramından sonra qidalanma necə olmalıdır? - Tövsiyələr
Ramazan
ayı boyunca uzun saatlar ac və susuz qaldığımız üçün orqanizm fərqli qidalanma
rejiminə uyğunlaşır. Ramazan bayramı və sonrakı günlərdə normal qidalanma
rejiminə yavaş-yavaş uyğunlaşmaq, bədəni çox yükləməmək lazımdır. Bayram
günlərində birdən-birə çox yemək və ağır qidalar qəbul etmək həzm problemlərinə
gətirib çıxara bilər.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
məlumat yayıb.
Bildirilib ki,
mədənin yüklənməməsi üçün balanslı qidalanmaq əsas şərtlərdən biridir. Kiçik
porsiyalarla, lakin tez-tez yemək həzm sistemini yükləmədən bədənin tədricən
normallaşmasına kömək edir. "Qida rasionunda zülal (ət, balıq, yumurta),
sağlam yağlar (zeytun yağı, qoz-fındıq) və kompleks karbohidratların (tam
taxıllar, tərəvəzlər) olmasına diqqət etmək lazımdır. Qızardılmış, çox yağlı və
şəkərli qidalar mədəyə pis təsir edə bilər. Onların əvəzinə sobada bişirilmiş
yeməklərə üstünlük verin.
Bədənin su
balansını qorumaq üçün gün ərzində kifayət qədər maye qəbul etmək lazımdır.
Bağırsağın fəaliyyətini yaxşılaşdırmaq üçün meyvələr, tərəvəzlər və tam
taxıllar kimi lifli qidalara üstünlük vermək vacibdir. Yeməkləri yavaş-yavaş
çeynəmək və tələsmədən yemək həzm prosesini asanlaşdırır. Həmçinin Ramazandan
sonrakı günlərdə idmanla məşğul olmaq, yürüşə çıxmaq orqanizmi əvvəlki
vəziyyətə gətirmək üçün çox vacibdir. Bu, həzm prosesini yaxşılaşdırır, kökəlmə
riskini azaldır, həm də yuxu rejimini qaydaya salır" deyə məlumatda qeyd
olunub.
tag: Qida, Ramazan, Bayram, Yemək, Su, AQTİ, todaypress.az,