Qızılca halları 25 ilin ən yüksək səviyyəsinə çatdı
Avropa regionunda qızılcaya yoluxma halları ötən il iki dəfə artaraq son 25 ilin ən yüksək səviyyəsinə çatıb.
TodayPress xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in birgə hesabatında bildirilir.
Məlumata görə, qızılca halları əsasən azyaşlılar arasında yayılıb – Avropa və Mərkəzi Asiyada qeydə alınan yoluxmaların 40%-i beş yaşdan kiçik uşaqlarda aşkarlanıb.
“Qızılca geri qayıdıb və bu, ciddi xəbərdarlıq siqnalıdır. Yüksək vaksinasiya səviyyəsi olmadan səhiyyə təhlükəsizliyini təmin etmək mümkün deyil” deyə ÜST-ün Avropa üzrə regional direktoru Hans Henri Klüge bildirib.
Qızılcaya qarşı istifadə edilən MMR peyvəndi (qızılca, məxmərək və parotit əleyhinə) 97% effektivliyə malikdir və xəstəliyin yayılmasının qarşısını almaq üçün əsas müdafiə vasitəsidir.
Qızılca hava-damcı yolu ilə yayılan yüksək yoluxucu virusdur. Əsas simptomları yüksək hərarət, qızarmış və sulanan gözlər, öskürək və asqırmadır.
Xəstəlik ağır fəsadlara səbəb ola bilər, o cümlədən pnevmoniya, beyin şişməsi və ölüm riski yaradır.
ÜST və UNICEF-in məlumatına görə, 2024-cü ildə Avropa regionunda 127 350 yoluxma hadisəsi qeydə alınıb. Bu, 1997-ci ildən bəri ən yüksək göstəricidir. 2025-ci ilin mart ayının 6-dək 38 ölüm hadisəsi baş verib.
Mütəxəssislər bildirirlər ki, qızılca halları 1997-ci ildən sonra azalırdı, lakin 2018-2019-cu illərdə artım müşahidə olundu. Xəstəliyin yenidən yayılması isə COVİD-19 pandemiyası zamanı vaksinasiya səviyyəsinin azalması ilə əlaqələndirilir.
2024-cü ildə dünyada qeydə alınan qızılca hallarının üçdə biri Avropa regionunun payına düşüb. Ən çox yoluxma halı Rumıniyada (30 692 nəfər) və Qazaxıstanda (28 147 nəfər) qeydə alınıb.
ÜST və UNICEF ölkələri sürətli tədbirlər görməyə çağırır, çünki qızılca qlobal sağlamlığa ciddi təhlükə olaraq qalır.
Qiymət Mahir
tag: Qızılca,ÜST,COVİD-19,Avropa,todaypress.az,