Qış depressiyası hər kəsi ağuşuna aldı

Sağlamlıq

09.12.2024 16:37

Psixiatr Özge Kilimci qış depressiyası ilə bağlı xəbərdarlıq edib. 

TodayPress xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb. 

“Qış depressiyası mövsümi depressiya olaraq da bilinir. Xüsusilə payız və qış aylarında baş verir və yazla birlikdə simptomları yüngülləşir. Qış depressiyasının əsas səbəbi gün işığının azalmasıdır. Günəş işığının olmaması beyində serotonin səviyyəsini aşağı sala və melatonin hormonunun balansını poza bilər. Bu, yuxu rejiminə, əhval-ruhiyyəyə mənfi təsir göstərə bilər" deyə mütəxəssis bildirib.

O, izah edib ki, qış depressiyası bəzi hallarda bipolyar pozğunluqla əlaqəli ola bilər.

“Mövsümi depressiya bəzi fərdlərdə bipolyar pozğunluğun erkən göstəricisi ola bilər. Lakin bu, bütün mövsümi depressiya hallarına aid deyil. Klinik müşahidə, ailədəki xəstəlik keçmişi və fərdin psixi vəziyyətindəki dəyişikliklər yaxından izlənilməli və bipolyar pozğunluq riski baxımından qiymətləndirilməlidir” deyən həkim belə hallarda psixiatr nəzarətində olmağı tövsiyə görüb.

Kilimci qış depressiyasında görülə biləcək əlamətləri sıralayıb. O, bildirib ki, daimi yorğunluq, kədərli və ya ümidsiz hiss etmək, maraq itkisi, həzzin olmaması, həddindən artıq yatma istəyi və ya ümumiyyətlə yuxusuzluq, karbohidratla zəngin qidalara meyl və çəki artımı, konsentrasiyada pozğunluq halları bu depressiyanın əsas göstəriciləridir.

Mütəxəssis qış depressiyasından qurtulmağın yollarını da açıqlayıb. Onun sözlərinə görə, hər gün açıq havada vaxt keçirmək, hobbi ilə məşğul olmaq, rutinləri dəyişmək, gündəlik cədvəl yaratmaq və ona əməl etmək bu dönəmdə olduqca vacibdir. Lakin yenə də yuxarıdan qeyd olunan hallar özünü göstərməyə davam etsə, o zaman mütləq formada həkimə müraciət etmək lazımdır. 

Töhfə Səməd

tag: Qış ,Depressiya ,Yuxusuzluq, Maraq, todaypress.az,