Qadınlar üçün daha təhlükəli xərçəng növü açıqlandı
Bağırsaq (yoğun bağırsaq) xərçəngi bu gün qadınlar arasında ən təhlükəli onkoloji xəstəliklərdən biridir. Bununla belə, bir çox qadın erkən simptomları fərq etmir və onları həzm problemləri və ya menopauza ilə əlaqələndirir.
TodayPress “Health Day”ə istinadən xəbər verir ki, risklər, simptomlar və erkən skrininqin əhəmiyyətini anlamaq həyat qurtara bilər.
Nəşrə görə, bu xərçəng həm kişiləri, həm də qadınları təsirləndirir, lakin qadınlar simptomları daha gec fərq edirlər.
Ən çox rast gəlinən narahatlıq yaradan əlamətlər – qarında şişkinlik, yorğunluq və bağırsaq fəaliyyətində dəyişikliklər – çox vaxt adi həzm problemləri və ya hormonal dəyişikliklərlə qarışdırılır. Nəticədə diaqnoz gecikdirilir və xəstəlik irəlilədikdən sonra aşkar edilir.
“Qadınlar çox vaxt simptomlarını qidalanma, stres və ya hormonal dəyişikliklərlə əlaqələndirir. Bu da tibbi yardıma gec müraciət etməyə səbəb olur. Bağırsaq xərçəngini nə qədər tez aşkar etsək, bir o qədər çox müalicə imkanı mövcud olur.
Minimal invaziv cərrahi üsullar isə daha yaxşı nəticələr, daha sürətli sağalma və sağ qalma şansını artırır” deyə onkoloji cərrah Brendan Skalli bildirib. Xəstəlik riskini artıran amillərə yaş, genetik factor, qidalanma, yaşam tərzi və bağırsaq xəstəlikləri aid edilib.
Belə ki, 50 yaşdan sonra risk artır. Ailədə bağırsaq xərçəngi və ya genetik sindromların olması, çox miqdarda qırmızı və işlənmiş ət istehlakı, siqaret, alkoqolun həddindən artıq qəbulu, fiziki aktivliyin az olması, kron xəstəliyi, xroniki kolit, bağırsaq polipləri də bu risklər sırasındadır.
ABŞ Xidmətlər üzrə Profilaktik İşçi Qrupu bağırsaq xərçəngi skrininqinin 45 yaşdan etibarən aparılmasını tövsiyə edir. Ailəsində xərçəng xəstəliyi olan, iltihabi bağırsaq xəstəliklərindən əziyyət çəkən və ya genetik risk faktorlarına sahib şəxslər isə daha erkən müayinə olunmalıdır.
Qiymət Mahir
tag: Qadın,Xərçəng, Xəstəlik, Alimlər, Müalicə, todaypress.az,