Prostat xərçənginə qarşı dərman aşkar edildi

Sağlamlıq

28.10.2024 14:10

“Cold Spring Harbor Laboratoriya”sının (CSHL) tədqiqatçıları, prooksidant əlavəsi olan menadionun siçanlarda prostat xərçənginin inkişafını yavaşlatdığını aşkar ediblər. 

TodayPress xəbər verir ki, bu barədə məlumat “Science” jurnalında dərc olunub.

Prostat xərçəngi "səssiz və gizli qatil" hesab olunur. Əksər hallarda müalicə edilsə də, çox vaxt aqressiv formada olduğundan proses çətinləşir. 

Xəstəliyin qarşısının alınmasında effektivliyi sübuta yetirilməyən E vitamini kimi antioksidant əlavələrdən fərqli olaraq, K vitamininin xəbərçisi olan menadion xərçəng hüceyrələrinin məhv etmək gücünə malikdir. 

Alimlər apardıqları araşdırmada menadionun prostat xərçəngi hüceyrələrində “PI(3)P” lipidini parçaladığını müəyyən ediblər. Belə ki, menadion əlavəsi siçanlarda prostat xərçənginin inkişafını ləngidib və klinik sınaqlar üçün yeni imkanlar açıb. Elm adamları, menadionun xəstəliyin gedişatını ləngidə biləcəyini görmək üçün tədqiqatlara başlamaq niyyətində olduqlarını açıqlayıblar.

Bundan əlavə, tədqiqatın nəticələri menadionun körpələrdə əzələ böyüməsinə mane olan miyotubulyar miopatiyanın müalicəsində faydalı ola biləcəyini göstərib. 

Töhfə Səməd

tag: Alimlər, Xəstəlik, Vitamin,Xərçəng, todaypress.az,