Paket çaylar sağlamlıq üçün təhlükə yarada bilər
Paket çayların istifadəsi xərçəng və digər ciddi xəstəlik risklərini artıra bilər.
TodayPress xəbər verir ki, bu barədə Barselona Muxtar Universitetinin alimləri “Chemosphere” jurnalında yayımlanan araşdırmada bildiriblər.
Mütəxəssislər çay paketlərindən ayrılan milyonlarla mikroplastik hissəciklərin orqanizmə daxil olaraq bağırsaqlardan sorulduğunu, qan dövranına keçdiyini və hətta hüceyrə nüvələrinə qədər çatdığını müəyyən ediblər.
Ən təhlükəli çay paketləri polipropilendən hazırlananlardır – onlar hər 1 ml-də 1,2 milyarda qədər mikroplastik hissəcik buraxa bilir. Selülozdan hazırlanan paketlərdə bu göstərici 135 milyon, neylon-6 paketlərdə isə 8,18 milyon hissəcikdir.
Mikroplastiklərin orqanizmdə yığılması hormonal pozğunluqlara, immun sisteminin zəifləməsinə, iltihablara, piylənməyə və uşaqlarda inkişaf problemlərinə səbəb ola bilər. Alimlər bu səbəbdən paket çaylardan istifadəni məhdudlaşdırmağı tövsiyə edirlər.
Türkan İsgəndərli
tag: Çay,Paket,Xəstəlik,todaypress.az,