Nostalji musiqisinin yaddaşa təsiri araşdırıldı
ABŞ-də neyropsixoloqlar nostalji hisslər doğuran musiqinin beyin fəaliyyətinə necə təsir etdiyini araşdırıblar.
TodayPress xəbər verir ki, tədqiqat nəticəsində alınan nəticələrin demensiya və Alzheimer xəstəliyi kimi neyrodegenerativ pozuntulardan əziyyət çəkənlər üçün yeni terapevtik yanaşmaların əsasını təşkil edə biləcəyi düşünülür.
Cənubi Kaliforniya Universitetinin Beyin və Yaradıcılıq İnstitutu alimləri iki yaş qrupunda – 18-35 və 60 yaşdan yuxarı şəxslər arasında aparılan eksperiment zamanı nostalji musiqiyə beyin reaksiyasını izləyiblər.
Hər iştirakçı öz nostalji hisslər oyadan altı musiqi əsərinin siyahısını təqdim edib. Süni intellekt texnologiyasının köməyi ilə bu əsərlərlə ton və ritm baxımından oxşar, lakin nostalji yüklü olmayan mahnılar qrupuna əlavə olunub.
Tədqiqat zamanı iştirakçılara bu musiqilər funksional maqnit-rezonans tomoqrafiyası (fMRT) altında 40 saniyəlik ardıcıllıqla dinlədilib. Əlavə olaraq yaddaş testləri və emosional reaksiya sorğuları da keçirilib.
Skan nəticələri göstərib ki, nostalji musiqilər beyin fəaliyyətində daha güclü iz buraxır. Xüsusilə yaddaş, özünü dərk etmə və mükafat sisteminə cavabdeh olan beyin zonalarında daha yüksək aktivlik müşahidə olunub.
Yaşlı iştirakçılar musiqidən ümumilikdə daha çox pozitiv emosiyalar aldıqlarını bildirib və onların beyinlərində nostalji mahnılara daha güclü neyron reaksiyalar qeydə alınıb.
Alimlər hesab edir ki, bu nəticələr musiqi terapiyası proqramlarının təkmilləşdirilməsi və demensiya ilə yaşayan insanların həyat keyfiyyətinin artırılması üçün mühüm addım ola bilər.
Dünyada demensiya halları artdıqca, belə yanaşmaların əhəmiyyəti də getdikcə böyüyür.
Qiymət Mahir
tag: Nostalji,Musiqi,Yaddaş,Təsir,Todaypress.az,