Meditasiya yaşlanmanı ləngidir – Yeni tədqiqat

Sağlamlıq

05.04.2025 16:20

1112

Transsendental meditasiya (TM) ilə uzunmüddətli məşğuliyyət bioloji yaşlanmanı ləngidir və zehni fəaliyyətləri yaxşılaşdırır.   

TodayPress xəbər verir ki, bu nəticələr ABŞ və Almaniyadan olan beynəlxalq alimlər qrupunun “Biomolecules” elmi jurnalında dərc olunmuş yeni tədqiqatında yer alıb. 

Transsendental meditasiya 1950-ci illərdə stressə qarşı mübarizə üsulu kimi hazırlanıb. Heç bir dini və ya fəlsəfi ideologiyaya bağlı olmayan bu texnika sinir gərginliyini azaltmağa yönəlib. 

Araşdırmalar göstərib ki, bu praktikayla mütəmadi məşğul olan şəxslərdə molekulyar səviyyədə müsbət dəyişikliklər müşahidə olunub. Xüsusilə, stress və iltihabla əlaqəli SOCS3 kimi genlərin ifadəsində azalma qeydə alınıb.

Bu isə xroniki stressin bədənə uzunmüddətli təsirini ifadə edən “allostatik yük”ün azalmasına işarədir. 

Elektroensefaloqrafiya nəticələrinə görə, uzun illər TM ilə məşğul olan yaşlı şəxslər informasiya emalı sürətinə görə gənc iştirakçılara bənzər göstəricilər nümayiş etdirib.

Həmçinin, onların beyin dalğalarının əlaqəliliyi, reaksiya müddəti və diqqət kimi göstəriciləri əhatə edən beyin inteqrasiyası indeksi üzrə nəticələri də daha yüksək olub. 

Stress səviyyəsinin azaldığını sübut edən əsas marker hormon nisbətindəki dəyişiklik olur. İştirakçıların saç analizləri göstərib ki, meditasiya edən şəxslərdə stress hormonu kortizolun qeyri-aktiv forması olan kortizona nisbəti xeyli aşağıdır. Bu isə onların stresə qarşı daha dayanıqlı olduğunu sübut edir. 

“Əldə etdiyimiz nəticələr göstərir ki, transsendental meditasiya molekulyar səviyyədə sağlam yaşlanmanı dəstəkləyir,” deyə tədqiqatın aparıcı müəlliflərindən biri, Supraya Venuganen qeyd edib. 

Qiymət Mahir

tag: Meditasiya,Yaşlanma,Ləngimə,Sağlamlıq,Todaypress.az,