Kofe dərmanların təsirini azalda bilər
Kofe antibiotiklərin, eləcə də alzheimer, diabet, yüksək təzyiq və osteoporoz üçün nəzərdə tutulmuş dərmanların düzgün mənimsənilməsinə mane ola bilər.
TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Qeyd olunub ki, kofein tərkibli içkilər qanda insulin və şəkərin səviyyəsini yüksəldə, bu da metformin kimi diabet dərmanlarının təsirini zəiflədə bilər.
Xüsusilə, belə preparatları şəkərli və qaymaqlı kofe ilə qəbul etmək tövsiyə edilmir.
Antibiotiklərin qəbulu kofeinin parçalanmasını ləngidə bilər, nəticədə qanda kofein miqdarı uzun müddət yüksək qalar. Bu isə ürək döyüntüsünün sürətlənməsi və əsəbilik kimi yan təsirlərə səbəb ola bilər. Həmçinin, kofein təzyiqi artırdığı üçün hipertoniya dərmanları ilə eyni vaxtda içilməsi məsləhət görülmür.
Alzheimer xəstəliyinə qarşı dərmanların kofedən 2 saat əvvəl və ya 4 saat sonra qəbul edilməsi tövsiyə olunur. Çünki kofeinin təsiri beyin və qan arasındakı baryeri gücləndirir, nəticədə dərmanın aktiv maddələri beyinə daha gec çatır.
Osteoporoz əleyhinə preparatlar üçün isə kofeni dərmandan ən azı 2 saat sonra içmək tövsiyə olunur, çünki kofein onların mənimsənilməsini azalda bilər.
Mütəxəssislər dərman qəbul edən şəxslərə kofe və digər kofeinli içkilərdən istifadə edərkən ehtiyatlı olmağı və həkimlə məsləhətləşməyi tövsiyə edirlər.
Qiymət Mahir
tag: Kofe,Araşdırma,Dərman,Diabet,Xəstəlik,Təzyiq,todaypress.az,