Kliniki depressiyanın diaqnostikası üçün yeni metod hazırlandı

Sağlamlıq

08.03.2025 22:55

2189

İ. Kant adına Baltik Federal Universitetinin (BFU) alimləri kliniki depressiyanın diaqnostikasını dəqiqləşdirmək və fərdi müalicə üsulları hazırlamaq üçün innovativ “Q-analiz” metodunu işləyib hazırlayıblar.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Elmlər və Ali Təhsil Nazirliyi məlumat yayıb.

Baltik Neyrotexnologiyalar və Süni İntellekt Mərkəzinin tədqiqatçıları müəyyən ediblər ki, böyük depressiv pozuntuya malik xəstələrdə beynin funksional şəbəkələri sağlam insanlara nisbətən fərqli işləyir.

Beynin funksional şəbəkələri müxtəlif sahələrin birlikdə işləməsi ilə formalaşır və yaddaş, diqqət, qərar qəbuletmə və emosiyaların tənzimlənməsi kimi proseslərə cavabdehdir. Ənənəvi metodlar beynin yalnız iki sahəsi arasındakı əlaqəni öyrənirdisə, “Q-analiz” üç və daha çox sahənin eyni anda necə qarşılıqlı təsir etdiyini araşdırmağa imkan verir.

Bu yanaşma beyni bir şəbəkə kimi dəyərləndirir, burada hər bir beyin sahəsi düyün, onların arasındakı əlaqələr isə qrafın qolları kimi təsvir olunur. Alimlər beynin müxtəlif sahələri arasında sıx əlaqələri müəyyən edərək onların nə qədər mürəkkəb və müxtəlif olduğunu öyrəniblər.

BFU-nun Baltik Neyrotexnologiyalar və Süni İntellekt Mərkəzinin aparıcı elmi işçisi Semyon Kurkinin sözlərinə görə, “Q-analiz” beyində “kliklər” – bir-biri ilə tam əlaqəli sahələr qrupu tapmağa imkan verir. Məsələn, üç beyin sahəsi eyni anda aktiv qarşılıqlı təsir göstərirsə, bu, üçüncü səviyyəli klik sayılır. Bu kliklərin sayı nə qədər çox olarsa, şəbəkə bir o qədər mürəkkəb və funksional olur.

Tədqiqatçılar müəyyən ediblər ki, böyük depressiv pozuntu zamanı beynin funksional şəbəkələrinin mürəkkəbliyi azalır, əlaqələrin müxtəlifliyi zəifləyir və informasiya emalı çətinləşir. Bundan əlavə, beynin bəzi vacib sahələrinin rolu dəyişir. Məsələn, dopamin sistemi ilə əlaqəli olan qara maddə beynin ümumi şəbəkəsinə daha çox inteqrasiya olunur, lakin bu, dopamin yollarında disfunksiya yaradır.

Tədqiqatın müəllifləri hesab edirlər ki, bu yeni yanaşma depressiyanın daha dəqiq diaqnostikası və fərdi müalicə strategiyalarının hazırlanması üçün mühüm addımdır. Beyində yüksək səviyyəli qarşılıqlı təsirlərin necə pozulduğunu anlamaq müalicə metodlarının inkişafına və xəstələrə fərdi yanaşmanın tətbiqinə kömək edə bilər.

tag: Sağlamlıq,Rusiya,Elm,Kliniki depressiya,Depressiya,TodayPRESS,todaypress.az,