İtirilən sağlamlıq, qazanılan xəstəliklər: Estetik əməliyyatlarda ölüm halları niyə çoxalıb? - ARAŞDIRMA
Sağlamlıq
14.01.2025 18:06
Kompleks və ya görünüşümüzdə olan anatomik patologiya insanları, xüsusi ilə də qadınları estetik əməliyyat masasına doğru aparır. Azərbaycan plastik cərrahiyyə sahəsində inkişaf etmiş ölkələr reytinqinə daxil olmasa da, hazırda ölkədə kosmetik prosedurlar bumu yaşanır.
Səbəbindən asılı olmayaraq , cəmiyyətin istənilən təbəqəsində olan insanların, xüsusilə məşhurların müraciət etdiyi estetik əməliyyatlar bəzən onların arzuladığı nəticəni vermir. Son günlər artan ölüm halları isə olduqca narahatlıq doğurur.
Müşahidələr göstərir ki, estetik əməliyyatlara üz tutanların çoxu görünüşü ilə bağlı kənardan deyilənlərin nəticəsində kompleksə düşərək maddi imkanından asılı olmayaraq, belə bir addım atırlar. TodayPress-ə danışan cərrahiyə üzrə tibb elmləri doktoru, Azərbaycan plastik cərrahlar cəmiyyətinin sədri, Beynəlxalq plastik cərrahiyə Assosiasiyasının milli katibi, professor Vaqif Qələndərov da eyni fikirdədir. Lakin onun sözlərinə görə, bütün bu prosesləri mənfi adlandırmaq düzgün deyil:
“Anadangəlmə və ya travmalar nəticəsində yaranmış qüsurlar var ki, onlara mütləq formada xarici müdaxilə olunmalıdır. Bunun digər bir forması isə mikrocərrahiyyədir. Belə ki, bu proses toxumanın bədənin bir hissəsindən digərinə köçürülməsinə və kəsilmiş hissələrin yenidən yapışmasına imkan verir. Bütün bunlar tibbin ən üst mərtəbələri hesab olunur və insanlıq aləmi üçün olduqca müsbət amillərdir”.
Həkimin fikrincə, dünyada rinoplastika sektorunda ölüm riski olduqca azdır:
“Çünki insanlar əməliyyatdan öncə bir çox analizlər verir və ciddi yoxlanışdan keçirlər. Onlarda hər hansısa xəstəlik və ya mənfi hal müşahidə olunarsa, bu zaman əməliyyat olunmurlar”.
Cərrah ən az ölüm riskinin burun əməliyyatlarında olduğunu qeyd edib. Lakin bir neçə müddət əvvəl burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən Nəzrin Mansurovanın komaya düşdüyü, daha sonra isə vəfat etdiyi ortaya çıxmışdı. Bununla bağlı hazırda araşdırma işi aparılır və Səhiyyə Nazirliyi plastik cərrahlara müraciət edib. Bildirilib ki, Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini 2025-ci il 31 yanvar tarixinədək nazirliyə şəxsən təqdim etməlidirlər.
Bəs görəsən baş verən ölüm halları nəyə və hansı səbəblərə görə yaşanır?
Professorun izahına görə, bir sıra istisna hallar var ki, bunlardan biri də pasientin gizli xəstəliyinin olmasıdır. Tibbdə də belə bir anlayış var ki, bir sıra xəstəliklərin heç bir əlaməti özünü biruzə vermir, lakin gizli formada inkişaf edir. Bundan başqa, xəstələrdə prosedur zamanı travma yaranmış ola bilər ki, bu plastik əməliyyatdan sonra üzə çıxır:
“Əgər həkim əməliyyat zamanı ehtiyatsız davranıb damarlara zədə verərsə, daha sonra pasientlərdə qanaxma yarana bilər ki, bunun da nəticəsi ölümdür”.
Əməliyyatların fərqli ağırlıq dərəcəsindən danışan həkim sonda qeyd edib ki, bədən şəkilləndirmə əməliyyatlarında çox diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, alınan piy bədənin bir bölgəsindən başqa nahiyəsinə köçürüldüyü üçün emboliya yarana bilər.
Bundan başqa, özəl və dövlət xəstəxanalarında qırışları yox etmək və dərinin daha yaxşı görünməsi üçün "minimal invaziv" kosmetik prosedurlar da həyata keçirilir. Kosmetoloq Nurlanə Əhmədova TodayPress-ə danışan zaman bildirib ki, təəssüf ki, insanlar harada ucuz proses edilirrsə, daha çox ora üz tuturlar:
“Baş verən mənfi hadisələr salonlarla yox, istifadə olunan preparatlarla əlaqəlidir. Bir çox yerlərdə insan cəlb etmək üçün süni dolğulardan, yəni ucuz preparatlardan istifadə olunur. Bundan başqa, bəzən bədən üçün nəzərdə tutulan 10 qramlıq dolğuları üzə tətbiq edirlər. Bu isə tamamilə yalnışdır. Çünki üz üçün nəzərdə tutulan gellərin ölçüsü 1 qramlıq olmalıdır. Həmin dolğuların isə düzgün istifadə olunduğu təqdirdə heç bir əks təsiri və ya zərəri yoxdur”.
O, izah edib ki, bədən üçün nəzərdə tutulan dolğuların tərkibi yaxşı təmizlənməmiş, fərqli qarışıqlar olur ki, bu da üzdə olan hüceyrələri iflic dərəcəsinə çatdıra bilər. Həmin dolğuları əritmək də mümkün olmur və damar tıxanıqlığı yaranır.
Üzdə baş verən çürümələr haqqında danışan kosmetoloq diqqətə çatdırıb ki, bu kimi hallar əsasən burun və qaş arasında yaşanır:
“Təhlükəli zona adlandırdığımız bu nahiyələrdə hər hansısa dolğu edən zaman damara düşülərsə, ciddi fəsadlar törədə, çürümə gedə, gözdə korluq yarana bilər. Ən təhlükəsiz bölgə isə dodaqdır. Lakin süni gel ilə təbi gel qarışarsa, həmin bölgədə də çürümə gedə bilər”.
Nurlanə Əhmədova bəzi insanların bilərəkdən süni dolğuları seçdiklərini deyib. Bunun əsas səbəbi isə təbi preparatların bir müddətdən sonra əriməsi, sünilərin isə qalıcı olmasıdır. O, insanları daha ehtiyatlı olmağa və işinin peşəkarlarına üz tutmağa tövsiyyə edib.
Maraqlıdır, görəsən bir il ərzində Azərbaycanda nə qədər bu kimi proseslər həyata keçirilib və neçə ölüm halı qeydə alınıb?
Dövlət Statistika Komitəsindən TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, təkcə 2023-cü ildə Azərbaycanda 14.647 plastik əməliyyat icra olunub ki, onlardan da 9.441-i estetik prosedurlardır. Lakin təəssüf ki, əməliyyatların bir çoxunun özəl xəstəxanalarda keçirildiyinə görə, ölüm halları ilə bağlı hər hansısa statistika yoxdur.
Töhfə Səməd
tag: Estetik ,Cərrah ,Kosmetoloq ,Vaqif Qələndərov ,Nurlanə Əhmədov, todaypress.az,