İşığın təsiri ilə sümüyü bərpa edən material hazırlandı

Sağlamlıq

09.01.2025 19:46

Sümük zədələrinin müalicəsində inqilabi texnologiya kimi dəyərləndirilə biləcək yeni material hazırlanıb.

TodayPress xəbər verir ki, Cənubi Koreyanın Pohanq Elm və Texnologiya Universitetinin alimlərinin ərsəyə gətirdiyi material, işığın təsirinə məruz qaldıqda sümüyü sağaltmaq potensialına malikdir və xüsusilə, ağır zədələnmə hallarında təsirli alternativ təklif edir.

Sümük zədələri, travma və ya infeksiyalar nəticəsində yaranan böyük boşluqların bərpası ənənəvi olaraq xəstənin bədənindən götürülmüş sümük toxumasının istifadə edilməsi ilə həyata keçirilir. Lakin bu prosedur çətin və ağrılıdır. Alternativ olaraq, sümüyə bənzər məsaməli materialların istifadəsi geniş yayılıb. Bu materiallar sümük toxumasının regenerasiyasını stimullaşdırsa da, istifadə edilən yapışdırıcıların effektivliyi bəzən məhdud olur. 

Alimlər bu problemləri həll etmək məqsədilə alginat turşusu əsaslı gel hazırlayıblar. “Biomaterials” jurnalında dərc olunan araşdırmaya görə, bu gel sümüyün zədələnmiş hissəsinə inyeksiya edilir və görünən işıq altında bərk materiala çevrilir. İşığın təsiri ilə polimer zəncirlər bir-birinə bağlanaraq həm möhkəm, həm də məsaməli struktur əmələ gətirir. Bu struktur yaxınlıqdakı sümük toxuması ilə qarşılıqlı təsirə girərək sağalmanı təmin edir. Hazırlanan materialın ən diqqətəlayiq xüsusiyyətlərindən biri sümük hüceyrələrinin toplanmasını və çoxalmasını sürətləndirməsidir. Vaxt keçdikcə gel yerini əsl sümük toxumasına verir. Siçanlar üzərində aparılan təcrübələr materialın effektivliyini təsdiqləyib, lakin insan üzərində sınaqların başlanma tarixi hələlik məlum deyil.

tag: Sümük,Zədə,Müalicə,Alimlər ,Biomaterials,todaypress.az,