İnfarkt riskini artıran amillər - HƏKİMDƏN AÇIQLAMA

Sağlamlıq

02.11.2024 18:00

“Daimi stress infarkt riskinin artması ilə əlaqələndirilir”. 

TodayPress xəbər verir ki, bunu kardioloq Yevgeniya Anikyeva deyib.

Həkim izah edib ki, infarkt riskini artıran bəzi amillərə (məsələn, irsi, yaş və cins) müdaxilə etmək olmaz. 

“50 yaşa qədər kəskin miokard infarktı daha çox kişilərdə baş verir. Qadınlarda menopozun başlaması ilə xəstəliyin inkişaf riski artır” deyə kardioloq qeyd edib.

Eyni zamanda, Anikyevanın sözlərinə görə, infarkt riskini pis vərdişlər və artıq çəki də artırır: 

“Alkoqol, xüsusilə böyük dozada qəbul edildikdə, ürək və qan damarlarına güclü zəhərli təsir göstərir. Siqaret çəkənlərin miokard infarktı keçirmə riski isə bu pis vərdişi olmayan insanlara nisbətən 2 dəfə, ölüm nisbəti isə 50 faiz yüksəkdir” deyə həkim əlavə edib. 

Kardioloq, həmçinin insanları xolesterol səviyyəsini izləməyə çağırıb. Buna səbəb isə araşdırmalara görə, xolesterol səviyyəsinin bir faiz artması miokard infarktı inkişaf riskini üç faiz artırır. 

Həkimin başqa bir tövsiyəsi də stressdən uzaq gəzməkdir. Belə ki, stress qan təzyiqini artırır. Bunun nəticəsində isə insan inkarkt keçirə bilər. Onun sözlərinə görə, fiziki fəaliyyət, nəfəs məşqləri və meditasiya bunun qarşısını almağa kömək edir.

Bundan əlavə, anemiya, oksigen çatışmazlığı, iltihab, infeksiya, qızdırma, metabolik və ya endokrin pozğunluqlar, xroniki böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri və depressiya kimi bəzi xəstəliklər infarkt riskini artırır. 

Töhfə Səməd

tag: Həkim, İnfarkt, Oksigen, İnfeksiya,Stress, todaypress.az,