İdiopatik ağciyər fibrozunun inkişafında yeni kəşf

Sağlamlıq

28.03.2025 15:27

1301

Rutgers Universitetinin alimləri müəyyən ediblər ki, səhv yerləşmiş immun hüceyrələrinin şəbəkələri idiopatik ağciyər fibrozunun (İAF) inkişafında əsas rol oynayır. Bu ölümcül xəstəlik diaqnoz qoyulmuş insanların 80%-nin on il ərzində həyatına son verib.

TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “European Respiratory Journal” jurnalında dərc olunub.

İAF ağciyər toxumasında çapıqların əmələ gəlməsinə səbəb olur, bu da nəfəs almağı çətinləşdirir və xroniki oksigen çatışmazlığına yol açır. Mövcud dərmanlar xəstəliyin gedişinə cüzi təsir edir.

Ağciyər transplantasiyası isə hər kəs üçün mümkün deyil və əməliyyatdan sonra 5 il ərzində xəstələrin 50%-i həyatını itirir. Yeni tədqiqat çərçivəsində alimlər sağlam və xəstə ağciyər toxumalarını məkan əsaslı xəritələmə metodları ilə müqayisə ediblər.

Nəticədə məlum olub ki, xəstələrin ağciyərləri plazmatik hüceyrələrlə doludur. Bu hüceyrələr adətən sümük iliyində yerləşir və anticisimlər ifraz edir.

Normal ağciyərdə bu hüceyrələrə demək olar rast gəlinmir. “Ən təsirli məqam odur ki, fibrozla örtülmüş bütün sahələrdə bu plazmatik hüceyrələr sıx şəkildə mövcuddur” deyə tədqiqatın rəhbəri, pediatriya professoru Çi Yan qeyd edib. Alimlər bu hüceyrələrin toplanmasını təmin edən əvvəllər naməlum hüceyrə şəbəkələri də müəyyən ediblər.

Onlar damar divarlarında siqnal zülalları ifraz edən yeni hüceyrə növləri və plazmatik hüceyrələri cəlb edən zülal ifraz edən unikal fibroblastlar aşkarlayıblar.

“Bu tip fibroblastlar daha əvvəl təsvir olunmamışdı. Onlar yalnız ağciyərlərə xas görünür” Rutgers Universitetinin Translasiya Tibb və Elm İnstitutunun direktoru Reynold Panetteri bildirib.

Tədqiqat qrupu daha sonra siçanlar üzərində apardığı təcrübədə bu siqnal yollarını bloklamaqla plazmatik hüceyrələrin toplanmasını və çapıq toxumanın inkişafını ləngitməyə nail olub. Xüsusilə ümidverici məqam ondan ibarətdir ki, plazmatik hüceyrələri hədəf alan dərmanlar artıq mövcuddur.

Bu dərmanlar çoxsaylı mieloma (plazmatik hüceyrə xərçəngi) üçün istifadə olunur və İAF müalicəsi üçün yenidən tətbiq edilə bilər. Xəstəlik əsasən 60 yaşdan yuxarı kişilərdə rast gəlinir və effektiv müalicə üsulları hələ də məhduddur.

Bu səbəbdən yeni kəşf xəstələr üçün ciddi ümid vəd edir. Alimlər növbəti mərhələdə bu plazmatik hüceyrələrin sağlam toxumalara qarşı anticisimlər hazırlayıb-hazırlamadığını və anormal fibroblastların, eləcə də damar hüceyrələrinin necə formalaşdığını araşdırmağı planlaşdırır. 

Qiymət Mahir

tag: İdiopatik,Ağciyər Fibrozu,Sağlamlıq,Kəşf,Todaypress.az,