Həyati təhlükə yaradan ürək ritm pozuntusu inkişaf edir – Mütəxəssislər xəbərdarlıq edir
Dünyada hər üçüncü insanda həyati təhlükə yarada bilən ürək ritm pozuntusu inkişaf edir, lakin bu xəstəlik barədə məlumatlılıq hələ də çox aşağıdır.
TodayPress xəbər verir ki, bu barədə “MedicalXpress” xəbər yayıb.
Ürək ritm pozuntularının sürətlə artması ilə bağlı Avropa Ürək Ritmi Assosiasiyasının (EHRA) kardioloqları ictimaiyyəti və səhiyyə sistemlərini bu ciddi, lakin çox vaxt diqqətdən kənarda qalan xəstəliklərə qarşı daha ayıq olmağa çağırıb.
Ürək ritm pozuntuları (aritmiyalar) ürəyin elektrik keçiricilik sistemindəki nasazlıqlardan yaranır və ürəyin çox sürətli, yavaş və ya nizamsız döyünməsinə səbəb olur. Bəzi aritmiyalar zərərsiz olsa da, digərləri müalicə olunmadığı təqdirdə insult, ürək çatışmazlığı və ya qəfil ürək dayanması kimi ağır fəsadlara yol aça bilər.
Ən çox rast gəlinən ürək ritm pozuntusu – qulaqcıq fibrilasiyası – dünyada kəskin artıb. 2010-cu ildə 33,5 milyon nəfərdə qeydə alınan bu xəstəlik 2019-cu ildə 59 milyona çatıb. Proqnozlara görə, 2050-ci ilə qədər bu rəqəm 60%-dən çox arta bilər. “Ürək ritm pozuntuları səssiz epidemiyadır. Bu xəstəliklərin yayılması sürətlə artır, lakin çox insan hələ də risklər və simptomlar barədə məlumatsızdır” deyə EHRA-nın Elmi Təşəbbüslər Komitəsinin sədri professor Culian Çun bildirib.
EHRA prezidenti professor Helmut Pürerfellner isə xəstəliklə bağlı yanlış təsəvvürlərin geniş yayıldığını vurğulayıb:
“Cəmiyyət arasında bu xəstəliyin yalnız yaşlı insanlara təsir etdiyi barədə mif var. Halbuki bu, həqiqətdən çox uzaqdır. Ürək ritm pozuntuları hər yaşda və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq insanlarda inkişaf edə bilər. Çox vaxt bu, heç bir xəbərdarlıq etmədən baş verir. Belə yanlış inanclar diaqnostikanın və müalicənin gecikməsinə, insanların həyatını risk altına atmasına səbəb ola bilər”.
Qiymət Mahir
tag: Ürək, Xəstəlik, İnsanlar, Araşdırmalar, Alimlər, todaypress.az,