Hansı məhsullarda gizli şəkər var?
Həddindən artıq şəkər qəbulu bir sıra xəstəliklərin – ateroskleroz, ürək-damar sistemi pozuntuları, diş kariyesi və piylənməyə səbəb olur.
Bu, eyni zamanda mədə-bağırsaq traktına da mənfi təsir edir və metabolik pozuntular yaradır. Lipid mübadiləsi pozulur, orqanizmdə artıq yağ toplanmağa başlayır və bədən kütləsi indeksi artır. Bu da şəkərli diabet və mədəaltı vəzin funksiyalarının pozulması riskini artırır.
TodayPress məlumat verir ki, şəkər əvəzediciləri bəzən diabet xəstələri üçün uyğun hesab olunsa da, onlar da orqanizmdə qlükozanın səviyyəsini artırır.
Fərq yalnız onun qanda daha yumşaq dəyişməsi ilə bağlıdır. Digər tərəfdən, bu əvəzləyicilər dad qönçələrini (dad hiss etməyə imkan verən kiçik hiss orqanları) aldadaraq toxluq hissini zəiflədir və nəticədə daha çox qida istehlakına səbəb olur.
Məhsulun tərkibində gizli şəkərləri müəyyən etmək üçün yalnız “şəkər” sözünə deyil, “saxaroza”, “fruktoza”, “dekstroza” kimi ifadələrə də diqqət yetirilməlidir.
Bu komponentlər pomidor sousları, qazlı içkilər, şirniyyatlar, şokolad barları, hazır yoqurtlar və enerji içkiləri kimi məhsullarda gizlənə bilər.
Bu məhsulların tərkibində olan süni dadlandırıcılar məhsulları daha cazibədar göstərsə də, sağlamlıq üçün ciddi risklər yaradır. Məhsul alarkən etiketləri diqqətlə oxumaq, “şəkərsiz” qeyd olunan fermentləşdirilmiş süd məhsullarına və əlavə olunmamış souslara üstünlük vermək tövsiyə olunur.
Kəsmik və sıyıq kimi məhsullara mürəbbə və ya şəkər əlavə etmək əvəzinə, onların dadını təbii şirinləşdiricilər – banan, üzüm, çiyələk, manqo və armud kimi meyvələr və ya az miqdarda quru meyvə ilə yaxşılaşdırmaq olar. Bu, həm qida dəyərini artırır, həm də şəkərin qanda udulma sürətini azaldır.
Bununla belə, quru meyvələrdə şəkər konsentrasiyası təzə meyvələrlə müqayisədə daha yüksəkdir. Bu səbəbdən gündə 30 qramdan artıq qəbul edilməməlidir.
Məsələn, 100 qram xurmada 270-290 kkal enerji və yüksək miqdarda fruktoza mövcuddur. Belə karbohidratlar normadan artıq qəbul edildikdə, yağ toxumasında yığılma baş verir.
Bal da bəzən şəkərin əvəzedicisi kimi qəbul olunur. Lakin onun tərkibində 75-80% karbohidrat (qlükoza, fruktoza, maltoza və s.) mövcuddur.
Kalori baxımından şəkərdən fərqlənmədiyinə görə onu pəhriz məhsulu saymaq yanlışdır. Bal həmçinin güclü allergendir və karbohidrat mübadiləsi pozulmuş insanlar tərəfindən məhdud şəkildə qəbul olunmalıdır. Bundan əlavə, balın günün birinci yarısında – axşam saat 6-dan əvvəl qəbul olunması tövsiyə olunur ki, insulin səviyyəsində pozuntu yaranmasın.
Qidalanmada gizli şəkərlərə qarşı diqqətli olmaq, emal olunmuş məhsullardan uzaq durmaq və təbii, zəngin tərkibli qidalara üstünlük vermək sağlamlıq üçün vacib addımdır.
Mütəxəssislər vurğulayırlar ki, gözəl qablaşdırma və cəlbedici dadlar bəzən sağlamlığın dəyərindən baha başa gələ bilər.
Nicat Osman
tag: Məhsul,Gizli Şəkər,Araşdırma,Fruktoz,Qlukoza,Todaypress.az,