Günəş ləkələrindən necə xilas olmaq olar? - Kosmetoloq açıqladı

Sağlamlıq

09.05.2025 12:00

95

“Günəş ləkələri dəridə yaranan və müalicəsi uzun zaman tələb edən problemlərdən biridir. Bu tip ləkələr bir seansla tamamilə aradan qalxmır, müalicəsi mərhələli şəkildə və fərqli üsullarla aparılmalıdır”.   

Kosmetoloq Sahilə Əbdürrəhmanova bunu TodayPress-ə danışarkən bildirib.

Onun sözlərinə görə, bu ləkələrə qarşı indeksion üsullar, pilinq şəklində tətbiq olunan prosedurlar, həmçinin müasir lazer texnologiyaları istifadə edilir. 

Kosmetoloq əlavə edib ki, günəş ləkələri yalnız estetik problem deyil, eyni zamanda dərinin yaşlanma prosesini sürətləndirə, dəridə qeyri-bərabər piqmentasiya yarada və bəzi hallarda daha ciddi dəri problemlərinə səbəb ola bilər: 

“Ləkələr dərinləşdikcə müalicəsi çətinləşir, dərinin elastikliyi azalır və vaxtından əvvəl qırışlar yarana bilir. Bu isə həm maddi, həm də psixoloji baxımdan insana əlavə yük yaradır. Günəş ləkələrindən qorunmaq üçün ilk növbədə profilaktik tədbirlər vacibdir. Günəşin ən aktiv olduğu saatlarda - 13:00-dan 15:00-a qədər çöldə qalmaqdan çəkinmək lazımdır. Əgər bu mümkün deyilsə, azı 30 SPF olan günəş qoruyucu kremdən istifadə mütləqdir. Eyni zamanda şlyapa, eynək və açıq rəngli geyimlərdən istifadə də qoruyucu rol oynayır”.

Mütəxəssiz qeyd edib ki, bəzi hallarda günəş ləkələri qış aylarında solur, amma yaz-yay fəslində yenidən üzə çıxır. Bu səbəbdən qoruyucu vasitələrlə fasiləsiz davam etmək vacibdir. Ləkələrin qarşısını almaq və onları azaltmaq üçün “whitening” adlı preparatlar, lazer prosedurları və plazma terapiyası istifadə edilə bilər.

Kosmetoloqun sözlərinə görə, insanın öz qanından alınan plazma ilə dermapen proseduru və pilinqlər də ləkələrin azalmasına kömək edə bilər:

“Amma bu prosedurlar ildə maksimum 2 dəfə aparılmalıdır. Çünki dərinin alt qatına qədər təsir edən bu üsullar düzgün tətbiq edilmədikdə dərinin müdafiə baryerini zəiflədə, hətta əlavə dəri problemlərinə yol aça bilər”. 

Sahilə Əbdürrəhmanova tövsiyə edib ki, insanlar müalicəyə başlamazdan əvvəl mütəxəssis rəyi almalı və prosedurları yalnız peşəkar kosmetoloqların nəzarəti altında həyata keçirməlidirlər. 

Türkan İsgəndərli

tag: Sahilə Əbdürrəhmanova,Kosmetoloq,Günəş,Ləkə,Todaypress.az,

photo