Görməni bərpa edən dərman yaradılır
Cənubi Koreyanın qabaqcıl texnologiyalar institutu KAIST-in alimləri göz torluq qişasında (retina) sinir hüceyrələrinin bərpasına mane olan “Prox1” adlı zülalı müəyyən ediblər və onun fəaliyyətini bloklayan preparat hazırlayıblar.
TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “Nature Communications” elmi jurnalında dərc olunub.
Alimlərin araşdırmalarına görə, qlaukoma, yaşla əlaqəli makulyar degenerasiya və diabetik retinopatiya kimi xəstəliklər hər il milyonlarla insanın, xüsusilə yaşlıların görmə qabiliyyətinə ciddi ziyan vurur. Bu sahədə əsas məqsəd gözün öz hüceyrələrini bərpa etmək imkanlarını aktivləşdirməkdir.
Araşdırma nəticəsində məlum olub ki, torluq qişada yerləşən “Müeller” hüceyrələrinin regenerativ qabiliyyəti “Prox1” adlı zülal tərəfindən bloklanır. “Müeller” hüceyrələri normalda gözün struktural dayanıqlığını təmin edən və zədələnməyə qarşı müdafiə funksiyasını yerinə yetirən glial hüceyrə növüdür.
Yeni hazırlanmış preparat “Prox1”in fəaliyyətini antitel əsasında bloklayaraq bu hüceyrələrin bərpa potensialını aktivləşdirib. Laboratoriya siçanlarında aparılan sınaqlarda bu metodun retina toxumasının yenidən bərpasına şərait yaratdığı və təsirin azı altı ay davam etdiyi müşahidə olunub.
Alimlər qeyd edirlər ki, bu yanaşma orqanizmin daxili bərpa mexanizmlərini hərəkətə gətirməklə, hüceyrə transplantasiyası və ya lazer terapiyasından daha təhlükəsiz və universal ola bilər.
Qiymət Mahir
tag: Göz,Görmə,Alim,Araşdırma,todaypress.az,