Genetikanın psixi xəstəliyə təsir edib-etmədiyi araşdırıldı
Şizofreniya hələ də tibb elminin ən çətin sirrlərindən biri olaraq qalır, lakin son genetik tədqiqatlar bu xəstəliklərin öyrənilməsində ümidverici irəliləyişlərə yol açır.
TodayPress xəbər verir ki, Texas Universitetinin professoru Konsuelo Uols-Bass bu sahədə irəli sürdüyü araşdırmaları ilə diqqət çəkib.
Onun rəhbərliyi ilə aparılan tədqiqatlar “Genomic Psychiatry” (GP) elmi jurnalında dərc olunub.
Alim bu xəstəliyin anası və bacısının həyatında necə dağıdıcı rol oynadığını uşaqlıqdan müşahidə edib.
Onun elmdəki yolu məhz bir sualdan başlayıb: “Niyə bacım xəstələndi, amma mən yox?” Bu şəxsi motivasiya onu Texas Universitetinin nəzdində yaradılmış Beyin Biobankının qurulmasına gətirib.
Bu kolleksiya psixi pozuntulardan əziyyət çəkən insanların ölüm sonrası beyin toxumalarını və bioloji nümunələrini ehtiva edir. Alimlər bu resurs vasitəsilə şizofreniya, bipolyar pozuntu və asılılıqların molekulyar əsaslarını daha dərindən anlamağa başlayıblar. Komanda, həmçinin, insanın öz hüceyrələrindən alınan və neyrona çevrilmiş xüsusi kök hüceyrələr üzərində iş aparıb.
Bu yanaşma sayəsində pasiyentlərin genetik xüsusiyyətlərinin beyin funksiyasına və müalicəyə reaksiyasına təsiri öyrənilib. Nəticədə fərdi (personalizə edilmiş) müalicə strategiyalarına bir addım daha yaxınlaşılıb. Araşdırmalar göstərib ki, psixi xəstəlikləri təkcə genetik amillərlə izah etmək mümkün deyil.
Genlər ətraf mühitlə — stress, travmalar, toksinlər qarşılıqlı təsirdə xəstəliyin inkişafını formalaşdırır. Bu isə onların yaranma səbəblərinin çox faktorlu olduğunu sübut edir.
Alimlər vurğulayıblar ki, şizofreniya, depressiya və digər psixi pozuntular da diabet və ya xərçəng kimi qəbul edilməlidir — şəxsi zəiflik yox, tibbi vəziyyətdir və eyni səviyyədə tibbi yardım və ictimai anlayış tələb edir.
Qiymət Mahir
tag: Genetika,Sağlamlıq,Xəstəlik,Təsir,Araşdırma,Todaypress.az,