Gec yatmaq qan şəkərinin səviyyəsinə mənfi təsir edir
Çin alimləri gec yatmaq və yuxu çatışmazlığının qan şəkərinin səviyyəsində qeyri-sabitliyə səbəb olduğunu müəyyən ediblər.
TodayPress xəbər verir ki, “Westlake” Təbiət Elmləri və Biotibb Laboratoriyasında aparılan tədqiqatın nəticələri “JAMA Network Open”də dərc olunub.
Tədqiqat 46-83 yaş arası 1156 nəfərin iştirakı ilə aparılıb. Onlar “Guangzhou Nutrition and Health Study” layihəsi çərçivəsində Çinin Guangdong əyalətində uzunmüddətli müşahidəyə cəlb olunublar.
Mütəxəssislər iştirakçıların yuxu rejimini izləyib və onların qan şəkəri səviyyəsindəki dəyişiklikləri 14 gün ərzində real vaxt rejimində xüsusi cihazlarla qeydə alıblar. Yuxu pozğunluğu yaşayan şəxslərdə qan şəkərinin səviyyəsində qeyri-sabitlik 2,87% artıb, gündəlik şəkər səviyyəsinin dəyişkənliyi isə 0,06 mmol/L yüksəlib.
Gec yatan qrupda bu göstəricilər müvafiq olaraq 1,18% və 0,02 mmol/L olub. Həm gec yatan, həm də az yatan şəxslərdə qan şəkərinin qeyri-sabitliyi daha da yüksək olub, bu da şəkər metabolizmasının daha çox pozulduğunu göstərir.
Alimlərin fikrincə, yuxu müddətinin artırılması və daha erkən yatmaq qan şəkərinin daha stabil saxlanmasına kömək edə bilər. Bu isə şəkərli diabet riskinin azalmasına və metabolik sağlamlığın yaxşılaşmasına töhfə verə bilər.
Bu nəticələr pis yuxu vərdişlərinin yalnız yorğunluğa səbəb olmadığını, həm də maddələr mübadiləsinə ciddi təsir göstərdiyini bir daha sübut edir.
Qiymət Mahir
tag: Gec yatmaq,Çin,Alimlər,Qan,Şəkər,Todaypress.az,