Əzələ gücü II tip diabet riskini azaldır
Honkonq Universitetinin alimləri yüksək əzələ gücünün II tip şəkərli diabetin yaranma riskini azaltdığını müəyyən ediblər.
TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “BMC Medicine” jurnalında dərc olunub.
Araşdırmada əvvəlcədən diabet diaqnozu olmayan 141 848 britaniyalı iştirak edib.
Alimlər iştirakçıların hər birində bu xəstəliyə genetik meyillilik dərəcəsini müəyyən etmək üçün II tip diabetlə əlaqəli olan 138 genetik variasiyanı nəzərə alıblar.
Bununla yanaşı, könüllülərdən əl sıxma testindən keçmək tələb olunub ki, əzələlərinin gücü dəqiqliklə ölçülsün. İştirakçılar üzərində müşahidə yeddi ildən artıq davam edib.
Bu müddət ərzində 4743 nəfərdə II tip diabet aşkarlanıb.
Analiz göstərib ki, əzələləri güclü olan şəxslərdə bu xəstəliyin yaranma riski digər könüllülərlə müqayisədə 44% daha az olub. Ən maraqlısı isə odur ki, bu qoruyucu effekt genetik meyillilikdən asılı olmayaraq özünü göstərib.
Tədqiqatçılar qeyd ediblər ki, əzələ gücü müntəzəm fiziki məşqlərlə inkişaf etdirilə bilər.
Bu isə o deməkdir ki, idman vərdişləri “pis irsi” faktorunu neytrallaşdıraraq diabetə qarşı effektiv profilaktika vasitəsi ola bilər.
Qiymət Mahir
tag: Əzələ,İnkişaf,Diabet,Risk,Todaypress.az,