Eyni genlər eşitmə və görmə bərpasında rol oynaya bilər
ABŞ-nin Cənubi Kaliforniya Universitetinin (USC) Kök Hüceyrə Laboratoriyası tərəfindən siçanlar üzərində aparılan yeni araşdırma, eyni genlərin həm qulaqda, həm də gözdə sensor hüceyrələrin regenerasiyasına təsir edə biləcəyini ortaya qoyub.
TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.
Araşdırmaya rəhbərlik edən doktor Ksenia Qnedyevanın komandası “Hippo” adlı siqnal yolunu təhlil edib.
Bu genlər qrupu normalda hüceyrə böyüməsinin qarşısını alan siqnallar göndərir və embrion inkişafı dövründə qulaq hüceyrələrinin çoxalmasını dayandırır.
Lakin alimlər müəyyən ediblər ki, eyni siqnal yolu böyüklərdə qulaq və gözün zədələnmiş sensor reseptorlarının regenerasiyasını da əngəlləyir.
Tədqiqatçılar bu siqnal yolunun əsas zülallarından biri olan “Lats1/2”ni bloklayan eksperimental birləşmədən istifadə ediblər. Petri qabında aparılan təcrübələr göstərib ki, daxili qulağın tarazlığı təmin edən hissəsindəki dəstəkləyici hüceyrələr çoxalma reaksiyası verib.
Lakin eşitmə orqanı olan Korti orqanında bu reaksiya müşahidə olunmayıb. Alimlər bu maneənin səbəbini də aşkarlayıblar.
“p27KIP1” adlı zülalı kodlayan gen Korti orqanında regenerasiyanı dayandırır. Eyni zülalın səviyyəsi gözün torlu qişasında (retina) da yüksəkdir. Tədqiqatçılar “p27KIP1” səviyyəsini daxili qulaqda və retinada azaltmağa imkan verən transgen siçanlar yaradaraq bu təsiri daha da araşdırıblar.
Nəticələr göstərib ki, “Hippo” yolunun bloklanması Korti orqanında dəstəkləyici hüceyrələrin proliferasiyasını stimullaşdırır. Bu eşitmə hüceyrələrinin regenerasiyası üçün mühüm addımdır.
Oxşar şəkildə, gözün retinasında Müller glial hüceyrələrinin çoxalması müşahidə olunub. “Bəzi məlumatlar göstərir ki, travmadan sonra “p27KIP1” səviyyəsi təbii şəkildə azalır.
Bu isə “Hippo” yolunu hədəfləyən və regenerasiyanı stimullaşdıran dərmanlara kiçik bir imkan pəncərəsi aça bilər. Alternativ olaraq, “p27KIP1”səviyyəsini azaltmaq üçün ayrıca birləşmə də hazırlana bilər” deyə alimlər bildiriblər.
Qiymət Mahir
tag: Görmə,Eşitmə,Bərpa,Sağlamlıq,Todaypress.az,