Eşitmə qabiliyyətini bərpa edən beyin implantı hazırlandı
Avropa və ABŞ-dən olan tədqiqatçılar insanlarda eşitmə ilə bağlı beyin bölgələrinə birləşə bilən çevik elektrod və elektronikaya malik neyroimplant hazırlayıblar. Yeni texnologiya eşitmə qabiliyyəti olmayan və koxlear implant ala bilməyən şəxslər üçün ümidverici bir alternativ kimi təqdim olunur.
TodayPress bildirir ki, sistem makaka rezus meymunları üzərində uğurla sınaqdan keçirilib.
Ənənəvi koxlear implantlar eşitmə qabiliyyətini qismən bərpa etsə də, onların hər bir xəstəyə tətbiqi mümkün olmur. Yeni hazırlanan sistem isə elastik materiallar sayəsində beyin toxumasına daha yaxşı uyğunlaşır.
Sınaqlar zamanı cihaz səsli siqnallar əvəzinə kompüter vasitəsilə yaradılan elektrik impulsları ilə test edilib. Meymunların bu “səslərə” reaksiyası, texnologiyanın effektivliyini sübut edib və eyni zamanda implantların uzunmüddətli istifadəsinin heyvanlarda narahatlıq yaratmadığı müşahidə olunub.
Alimlər yaxın gələcəkdə bu texnologiyanı insan könüllülər üzərində də sınaqdan keçirməyi planlaşdırırlar. Yeni implant eşitmə funksiyasının daha dəqiq və genişmiqyaslı bərpasına imkan yarada bilər.
Türkan İsgəndərli
tag: Sağlamlıq,Eşitmə,Beyin,İmplant,Todaypress.az,