Ebola ilə mübarizədə irəliləyiş əldə edildi

Sağlamlıq

17.03.2025 16:00

2901

Texas Universitetinin alimləri Ebola xəstəliyinə qarşı müalicədə mühüm uğur qazanıblar. Onlar ilk dəfə olaraq “Obeldesivir” adlı ağızdan qəbul edilən dərman vasitəsilə meymunları bu ölümcül infeksiyadan tamamilə xilas ediblər.

TodayPress xəbər verir ki, araşdırma “Science Advances” (SciAdv) elmi jurnalında dərc edilib. 

Ebola qızdırması 1976-cı ildə aşkar edilmiş, yüksək ölümcül virusa yoluxma xəstəliyidir. Virus bədən mayeləri vasitəsilə yayılır, daxili qanaxmalara, orqan çatışmazlığına və yüksək letallıq səviyyəsinə səbəb olur.

Mövcud vaksin və venadaxili müalicə üsulları olsa da, onların istifadəsi bahalı olması, soyuducuda saxlanma tələbi və az inkişaf etmiş bölgələrdə tətbiqinin çətinliyi səbəbindən məhduddur. 

“Obeldesivir” əvvəllər COVID-19-un müalicəsi üçün hazırlanmış “Remdesivir” dərmanının ağızdan qəbul edilən formasıdır.

O, virusun çoxalması üçün vacib olan fermenti bloklayır və müxtəlif Ebola ştammlarına qarşı təsirli olduğu üçün geniş spektrli antiviral xüsusiyyətlərə malikdir. 

Mütəxəssislər makak-rezus və yava makakları üzərində testlər aparıblar.

Nəticələrə əsasən, Obeldesivir qəbul edən makak-rezusların 100%-i, yava makaklarının isə 80%-i sağ qalıb. 

Tədqiqatçılar qeyd edirlər ki, dərman virusu qandan tamamilə təmizlənməklə yanaşı, orqan zədələnmələrinin qarşısını alaraq immun reaksiyasının formalaşmasına da kömək edib.

Bu kəşf Ebola ilə mübarizədə yeni ümid yaradır və gələcəkdə insanlar üzərində klinik sınaqların keçirilməsi planlaşdırılır. 

Qiymət Mahir

tag: Ebola,Virus,MÜbarizə,Sağlamlıq,Todaypress.az,