Duzlu su ilə bağlı mif dağıldı – Terapevtdən xəbərdarlıq

Sağlamlıq

27.03.2025 19:25

2273

Sosial şəbəkələrdə populyarlaşan “duzlu su içmək sağlamlıq üçün faydalıdır” fikri tibbi cəhətdən təhlükəli ola bilər. 

TodayPress “WellnessPulse” nəşrinə istinadən xəbər verir ki, duzlu suyun gündəlik istehlakı nəinki bədəni nəmləndirmir, əksinə, orqanizmdə maye çatışmazlığına və yüksək qan təzyiqinə yol aça bilər.

Nəşrə danışan terapevt Maykl Çiçakin sözlərinə görə, elektrolitlər, o cümlədən natrium bədəndə maye balansının tənzimlənməsində iştirak etsə də, müasir insan gündəlik qidalanma ilə kifayət qədər natrium qəbul edir. Bu səbəbdən duzlu su içmək ehtiyacdan artıq natrium yığılmasına, nəticədə isə hipertoniyaya, böyrək və ürək xəstəliklərinə səbəb ola bilər.

“Orqanizm natrium balansını qorumaq üçün hüceyrələrdən su çəkir və nəticədə əslində nəmlənmək əvəzinə, susuzlaşma baş verir” deyə həkim izah edib.

Çiçak əlavə edib ki, yalnız müəyyən hallarda, intensiv fiziki əmək, ishal, qusma və ya isti iqlim şəraitində orqanizm sürətlə maye itirdikdə elektrolit balansının dəstəklənməsi zəruri ola bilər. Amma bu halda belə, duzlu sudan yox, kalium, maqnezium və natrium balanslı içkilərdən istifadə tövsiyə edilir.

Qiymət Mahir

tag: Sağlamlıq,Duz,Su,Terapevt,Həkim,todaypress.az,