Duzlu qidalar piylənmə riskini artırır

Sağlamlıq

28.03.2025 14:57

2730

Duzun yüksək istehlakı ümumi və qarın (abdominal) piylənmə riskini əhəmiyyətli dərəcədə artırır. Bu qənaətə Finlandiya Sağlamlıq və Sosial Rifah İnstitutunun alimləri gəliblər.

TodayPress xəbər verir ki, tədqiqatın nəticələri 11–14 may tarixlərində İspaniyada keçiriləcək Avropa Piylənmə Konqresində (ECO 2025) təqdim olunacaq. Tədqiqatda 18 yaşdan yuxarı 2222 kişi və 2792 qadın iştirak edib.

Onlardan gündəlik qida rasionları barədə ətraflı məlumat toplanıb və bir qrup iştirakçıdan (558 kişi və 702 qadın) sidik nümunələri götürülüb.

Bu nümunələr orqanizmdə duzun parçalanma məhsullarını müəyyən etmək üçün istifadə olunub.

İkinci mərhələdə bütün iştirakçıların bel çevrəsi və çəkisi ölçülüb.

Müəyyən edilib ki, kişilər gündə orta hesabla 12 qram, qadınlar isə 9 qram natrium (duzun əsas komponenti) qəbul edirlər.

Bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi 5 qram həddindən xeyli çoxdur.

Araşdırma göstərib ki, yüksək duz qəbul edən və sidikdə natrium səviyyəsi yüksək olan şəxslərdə ümumi və qarın piylənməsi halları daha çox müşahidə olunub.

Alimlərin hesablamalarına görə, natrium istehlakının yüksək olduğu qadınlarda ümumi piylənmə riski 4,3 dəfə, abdominal piylənmə riski isə 3,4 dəfə artıb.

Kişilərdə bu göstəricilər müvafiq olaraq 6,0 və 4,7 dəfə yüksək olub.

Alimlər bildiriblər ki, duzlu qidaların istehlakı ilə yüksək dərəcədə emal olunmuş məhsullar (çips, fastfud, duzlu souslar və s.) arasında birbaşa əlaqə aşkarlanmayıb.

Bu isə natriumun piylənməyə təsirinin hələ tam öyrənilməmiş mexanizmlərlə bağlı ola biləcəyini göstərir. 

Qiymət Mahir

tag: Duzlu,Qida,Piylənmə,Risk,Todaypress.az,