Duzlu qida depressiyaya səbəb olur

Sağlamlıq

29.03.2025 14:57

1827

Yüksək duz tərkibli pəhriz depressiya əlamətlərinə yol aça bilər. 

TodayPress xəbər verir ki, bu barədə tədqiqatın nəticələri “Journal of Immunology” jurnalında dərc olunub.

Eksperiment siçanlar üzərində aparılıb: əvvəlcə heyvanlara adi qida verilib, sonrakı 5 həftə ərzində isə natriumla zəngin (duzlu) yem ilə qidalanıblar.

Araşdırma göstərib ki, bu cür pəhriz siçanlarda daha passiv davranış və ətraf mühitə marağın azalması kimi əlamətlərə səbəb olub, bu isə depressiya simptomları ilə üst-üstə düşür.

Tədqiqatçılar müəyyən edib ki, bu dəyişikliklərin səbəbi orqanizmdə “IL-17A” adlı iltihab zülalının artmasıdır.

“IL-17A” – T-limfositlər tərəfindən istehsal olunan və iltihabi reaksiyanı stimullaşdıran bir zülaldır. 

Normalda bu zülal zədələnmiş toxumaların bərpasına kömək edir.

Lakin zədə olmadan onun həddindən artıq aktivləşməsi psixi sağlamlığa mənfi təsir göstərir.

Alimlər həmçinin qeyd ediblər ki, genetik olaraq “IL-17A” istehsal etməyən siçanlar hətta duzlu pəhrizlə qidalansalar da, əvvəlki kimi aktiv və enerjili qalıblar.

Mütəxəssislər hesab edirlər ki, gələcəkdə bu zülalın tənzimlənməsi depressiyanın müalicəsi üçün yeni yanaşmaların əsasını təşkil edə bilər. 

Qiymət Mahir

tag: Duzlu,Qida,Depressiya,Risk,Artım,Sağlamlıq,Todaypress.az,