Dietoloq: “Maça çayı dəmirin mənimsənilməsinə mane ola bilər”
Məşhur yapon yaşıl toz çayı olan maça bədən tərəfindən dəmirin mənimsənilməsinə mənfi təsir göstərə bilər.
TodayPress “WellnessPulse” nəşrinə istinadən xəbər verir ki, bu barədə britaniyalı dietoloq Kayl Krouli məlumat verib.
Maça sağlam həyat tərzi tərəfdarlarının və qidalanma mütəxəssislərinin diqqətini cəlb edir. Onun tərkibində antioksidantlar çoxdur, eyni zamanda “L-teanin” adlı amin turşusu hesabına yumşaq stimullaşdırıcı təsirə malikdir. Lakin son vaxtlar mütəxəssislər bu içkinin dəmirin udulmasına təsiri barədə narahatlıqlar bildirirlər.
Dietoloqun sözlərinə görə, maça özü birbaşa dəmir çatışmazlığı yaratmır, lakin orqanizmin bu elementi mənimsəmə qabiliyyətini azalda bilər. Xüsusilə bu təsir bitki mənşəli dəmirə (neqem dəmir) aiddir. Bu növ dəmir lobya, yarpaqlı göyərti və tam taxıllarda olur.
Bunun əsas səbəbi maçanın tərkibindəki taninlərdir — onlar bağırsaqlarda dəmir molekulları ilə birləşərək onun sorulmasına əngəl yaradır. Kroulinin sözlərinə görə, taninlər az da olsa, heyvan mənşəli dəmirin (gem dəmir) mənimsənilməsini də çətinləşdirə bilər.
Mütəxəssis maça qəbulunun miqdarı ilə yanaşı, onun yemək vaxtı ilə əlaqəsinin də önəmli olduğunu bildirir. Dəmirin sorulmasına mənfi təsiri minimuma endirmək üçün maçanı dəmir baxımından zəngin qidalardan təxminən 1 saat əvvəl və ya sonra içmək tövsiyə olunur.
Krouli əlavə edir ki, dəmir tərkibli qidaların "C vitamin"i mənbələri ilə birgə qəbulu (məsələn, sitrus meyvələri, bolqar bibəri, pomidor) dəmirin mənimsənilməsini artırır və maçanın təsirini qismən kompensasiya edə bilər.
Qiymət Mahir
tag: Dietoloq,Maça çayı,Çay,Sağlamlıq,todaypress.az,