COVID-19-un yeni dalğası yayılmağa başladı - XƏBƏRDARLIQ
Asiyada COVID-19 yoluxmalarında yeni artım müşahidə olunur. Xüsusilə Çin Xalq Respublikasının xüsusi inzibati rayonu olan Honqkonq və Sinqapurda koronavirusa yoluxma hallarında kəskin artım qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Regionda artıq bir neçə aydır yoluxma hallarında ardıcıl artım tendensiyası müşahidə olunur ki, bu da vaxtaşırı yeni dalğaların yaranmasına səbəb olur. Honqkonq və Sinqapur hakimiyyətləri əhalini yenidən vaksinasiya olunmağa çağırır, xüsusilə risk qrupunda olan şəxslərə təkrar peyvəndin vacibliyini xatırladır.
Mayın 13-də Honqkonq Səhiyyə Mərkəzinin infeksion xəstəliklər şöbəsinin rəhbəri Ou Cziajun "RTHK" telekanalına açıqlamasında bildirib ki, şəhərdə COVID-19-a yoluxmanın yetərincə yüksək səviyyədə olduğu müşahidə olunur. Onun sözlərinə görə, ötən həftə Honqkonqda 2024-cü ilin aprel ayından bəri ən yüksək yoluxma rəqəmləri qeydə alınıb. Həm xəstəxanalara müraciətlərin, həm də hospitalizasiya hallarının artdığı, kanalizasiya sularında isə virusun miqdarının yüksəldiyi qeyd olunub.
"Bloomberg" əlavə edir ki, regionun əsas maliyyə mərkəzlərindən biri olan Sinqapur da yeni dalğaya qarşı hazır vəziyyətdədir. Belə ki, ölkənin Səhiyyə Nazirliyi may ayında bir illik fasilədən sonra ilk dəfə olaraq COVID-19-a dair yenilənmiş statistik məlumat yayımlayıb. Agentlik yazır ki, bu cür məlumatlar yalnız əhəmiyyətli artım olduğu hallarda ictimaiyyətlə paylaşılır. Hesabatda qeyd edilir ki, aprelin 27-dən mayın 3-dək ölkədə yoluxma halları əvvəlki həftə ilə müqayisədə 28%, hospitalizasiya göstəriciləri isə 30% artıb.
Sinqapur hakimiyyəti vətəndaşlara ehtiyatlı olmağı, xüsusilə də izdihamlı yerlərdə tibbi maska taxmağı tövsiyə edib.
Töhfə Səməd
tag: COVİD-19,İnfeksiya,Çin,Asiya,todaypress.az,