Çində yeni virus yayıldı
Çin virusoloqları COVID-19 ilə eyni şəkildə insanlara yoluxa bilən yeni virus aşkar ediblər.
TodayPress xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Bildirilib ki, bu virus, Honq-Konqda yapon yarasasında tapılan HKU5 koronavirusunun yeni nəslidir.
Nəşr qeyd edir ki, tədqiqat Quançjou laboratoriyasında Çin Elmlər Akademiyasının Quançjou bölməsi, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb. Tədqiqatın rəhbəri məşhur çinli virusoloq Şi Çjenli olub.
Tədqiqatçılar bildiriblər ki, HKU5-CoV-nin 2-ci nəsli aşkar edilib və təcrid olunub. Bu virus yalnız yarasa ACE2 membran zülalından deyil, həm də insan ACE2 və müxtəlif məməli ACE2 ortoloqlarından istifadə edə bilər.
Virusoloqlar, həmçinin, yarasa nümunələrindən təcrid olunmuş virusun insan hüceyrələrinə sirayət edə biləcəyini müəyyən ediblər. Onlar yarasa merbekoviruslarının birbaşa ötürülmə və ya aralıq sahiblər vasitəsilə insanlara yayılma riskinin yüksək olduğunu xəbərdarlıq edirlər.
tag: Çin,Virus,Corona,COVİD-19,Elm,Todaypress.az,