Çin alimləri portativ beyin stimulyasiya cihazı hazırladı

Sağlamlıq

26.03.2025 14:52

2575

Çinli tədqiqatçılar beyin fəaliyyətini tənzimləmək üçün istifadə olunan portativ və batareya ilə işləyən transkranial maqnit stimulyasiyası (rTMS) cihazı hazırlayıblar. 

TodayPress xəbər verir ki, bu yenilik haqqında məlumat “Nature Communications"da dərc olunub.

“rTMS” texnologiyası müxtəlif neyropsixoloji pozuntuların müalicəsində geniş istifadə olunsa da, mövcud kommersiya cihazlarının iri ölçülü və yüksək enerji sərfiyyatlı olması onların gündəlik həyat şəraitində – məsələn, evdə və ya ictimai mühitdə istifadəsini çətinləşdirirdi.

Çin Elmlər Akademiyasının Avtomatlaşdırma İnstitutunun tədqiqatçıları bu problemi aradan qaldırmaq üçün yüngül maqnit nüvəli sarğılar və yüksək güclü impuls generatoru texnologiyalarından istifadə edərək cəmi üç kiloqramlıq portativ “rTMS” cihazı hazırlayıblar.

Məqalədə qeyd edilir ki, yeni cihaz mövcud kommersiya modelləri ilə müqayisədə 10 dəfə az enerji sərf etsə də, təsir gücü və təkrarlanma tezliyi baxımından rəqabətlidir.

Alimlər cihazın effektivliyini sərbəst gəzinti zamanı sınaqdan keçiriblər və müəyyən ediblər ki, ayaq hərəkətləri ilə bağlı neyron aktivlik qollarla əlaqəli beyin qabığı hissələrində oyanıqlığı artırır. Bu isə yüksək tezlikli rTMS tənzimləməsinin gündəlik sərbəst davranışlar zamanı da tətbiqini mümkün edir.

Avtomatlaşdırma İnstitutunun baş mühəndisi Liu Hao bildirib ki, gələcəkdə bu tip geyilə bilən cihazlar beyin siqnallarını qeyri-invaziv şəkildə qeyd edən texnologiyalarla birləşdirilə bilər.

Bu, beyin siqnallarının real vaxt rejimində deşifrə olunaraq stimulyasiyanın optimallaşdırılmasına imkan verəcək. “Bu texnologiya sayəsində qapalı dövrəli beyin-kompüter interfeyslərinin laboratoriyadan real həyat tətbiqlərinə keçidi mümkün olacaq” deyə Liu vurğulayıb. 

Qiymət Mahir

tag: Çin,Alimlər,portativ , beyin stimulyasiya cihazı,Todaypress.az,