Britaniyalı alimlər qaraciyər xəstələri üçün yeni dərman hazırladı

Sağlamlıq

10.03.2025 21:00

1332

Böyük Britaniyanın London Universitet Kollecinin alimləri hiperammoniemiya xəstəliyinə qarşı yeni müalicə üsulu kəşf ediblər.

TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “Science Advances” (SciAdv) də dərc olunub.

Hiperammoniemiya – qaraciyərdə ammonyak yığılması və hüceyrələri zədələməsi ilə xarakterizə olunan təhlükəli vəziyyətdir.

Bu xəstəlik orqanizmdən ammonyakın çıxarılmasında problemlər yaradır və beyinə, qaraciyərə, həmçinin digər orqanlara ciddi zərər vura bilər. Dünyada 100 milyon insan qaraciyər sirrozundan əziyyət çəkir və onlardan 3 milyonu hər il yüksək ammonyak səviyyəsinə görə xəstəxanaya yerləşdirilir. Bu xəstələrin 15 faizi isə üç ay ərzində həyatını itirir. İndiyə qədər bu xəstəlik üçün effektiv müalicə mövcud deyildi.

Tədqiqatın nəticələri göstərib ki, ammonyak orqanizmdə “RIPK1” və “RIPK3” adlı zülalların səviyyəsini artırır və bu da mitoxondriyaları (hüceyrənin enerji mərkəzləri) zədələyir. Maddə eyni zamanda “TLR4” siqnal yolunu aktivləşdirərək iltihab və hüceyrə ölümünə səbəb olur.

Bundan əlavə, ammonyak qaraciyər toxumasında çapıqlanmanı artıraraq xəstəliyin gedişatını ağırlaşdırır. “YAQ-005” adlı yeni dərman məhz “TLR4” siqnal yolunu bloklayaraq mitoxondriyal zədələnmənin qarşısını alır. Alimlər hesab edirlər ki, bu dərman genetik pozuntular səbəbindən hiperammoniemiya inkişaf edən uşaqlara da kömək edə bilər. 

“YAQ-005”in klinik sınaqları 2025-ci ilin ortalarında başlanacaq. Əgər dərmanın effektivliyi təsdiqlənərsə, bu, qaraciyər xəstəliklərinin müalicəsində mühüm irəliləyiş olacaq.

Qiymət Mahir

tag: Qaraciyər,Xəstəlik,Dərman,Müalicə,Todaypress.az,