Bir sıra xəstəxanalarda yeni şöbələr yaradıldı
Sağlamlıq
23.12.2024 12:03
“Yeni Hemodializ şöbələri yaradılır”.
TodayPress xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
O, qeyd edib ki, 2024-cü ildə Goranboy Rayon Mərkəzi Xəstəxanasında 10 cihazlıq Hemodializ şöbəsi istifadəyə verilib, şöbədə ayda orta hesabla təqribən 60-dan çox xəstəyə dializ xidməti göstərilir:
“Gələn il isə Sumqayıt Tibb Mərkəzində 10 aparatlıq 2-ci hemodializ şöbəsi fəaliyyətə başlayacaq. Ümumiyyətlə, hazırda ölkədə işlək vəziyyətdə olan hemodializ aparatlarının sayı 723 ədəddir. Ölkə üzrə hemodializ şöbələrinin sayı isə 54-dür və 4 mindən artıq xəstəyə xidmət göstərilir”.
O, eyni zamanda yeni oftalmologiya şöbələrinin yaradıldığını qeyd edib:
“Bu il Nizami Tibb Mərkəzində, Qobustan Rayon Mərkəzi Xəstəxanasında oftalmologiya şöbəsi yaradılıb, oftalmoloji cərrahi əməliyyatların icrasına başlanılıb”.
O, həmçinin vurğulayıb ki, hazırda Respublika Klinik Xəstəxanasında, Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinikada, Sabunçu, Sumqayıt tibb mərkəzlərində, Füzuli, Ağdam rayon mərkəzi xəstəxanalarında oftalmoloji cərrahi əməliyyatlar icra olunur.
2024-cü ilin 11 ayında 24 282 oftalmoloji əməliyyat həyata keçirilib.
Günəş Mərd
tag: TƏBİB ,Xəstəxana, Şöbə ,Klinik, todaypress.az,