Beyin travmaları demensiyanı necə sürətləndirir?

Sağlamlıq

13.02.2025 12:54

1708

Beyin travması keçirən insanlarda demensiya riskinin artdığı uzun illərdir məlumdur. Lakin bu prosesin molekulyar səbəbləri hələ də tam aydınlaşdırılmayıb. Bu da həmin xəstələrdə demensiyanın qarşısını almaq üçün effektiv müalicə üsullarının tapılmasını çətinləşdirir.

TodayPress xəbər verir ki, bu barədə Lund Universitetinin MultiPark Strateji Araşdırmalar Mərkəzinin alimlərinin araşdırmasını “Acta Neuropathologica” yayıb.

Alimlər hesab edirlər ki, beyindəki qan damarları gələcək müalicə üsullarının açarı ola bilər. 

Beyin travmaları, adətən, beyin qan dövranının pozulmasına səbəb olur. Alimlər bu dəyişikliklərin damar divarlarında yerləşən hamar əzələ hüceyrələrinin patologiyaları ilə əlaqəli ola biləcəyini düşünürlər. Qan dövranının pozulması beyində zədənin daha da ağırlaşmasına gətirib çıxarır. Lakin prosesin necə baş verdiyi tam məlum deyil.

Boşluğu doldurmaq üçün Lund Universitetinin professoru və neyrocərrah Niklas Marklund eksperimental tədqiqatçı İlknur Özen ilə birlikdə molekulyar detalları araşdırıb. Onlar Uppsala Universitetinin alimləri ilə əməkdaşlıq çərçivəsində ağır beyin travması keçirmiş 15 xəstənin cərrahiyyə yolu ilə çıxarılmış beyin toxumalarını təhlil ediblər.

Tədqiqatçılar müəyyən ediblər ki, damarların hamar əzələ hüceyrələrində baş verən dəyişikliklər beynin Alzheimer xəstəliyi ilə əlaqələndirilən beta-amiloid adlı zülalın yığılması ilə üst-üstə düşür.

“Əldə etdiyimiz nəticələr göstərir ki, damar dəyişiklikləri neyrodegenerasiya prosesində düşündüyümüzdən daha böyük rol oynaya bilər” deyə alimlər vurğulayıb.

Onların sözlərinə görə, kəşf neyrodegenerativ xəstəliklərlə bağlı mövcud nəzəriyyələri şübhə altına alır. Belə ki, indiyə qədər hesab edilirdi ki, damar funksiyasındakı pozulmalar neyronların zədələnməsi nəticəsində yaranır. Lakin yeni araşdırma göstərir ki, damar sistemindəki pozulmalar amiloid yığılmasını sürətləndirən ilkin proses ola bilər.

Yaşlanma damar sistemində funksional dəyişikliklər yaradır. Beyin travmaları isə bu prosesi daha da sürətləndirə və hətta gənc xəstələrdə belə erkən neyrodegenerativ proseslərə səbəb ola bilər. Bununla belə, beyin travması keçirmiş bütün insanlarda Alzheimer xəstəliyi inkişaf etmir. Bu səbəbdən, alimlər bu sahədə daha genişmiqyaslı araşdırmaların aparılmasının vacib olduğunu bildirirlər.

Qiymət Mahir

tag: Beyin,Araşdırma,Alim,Elm,todaypress.az,