Aspirin xərçəngin yayılmasını dayandıra bilər

Sağlamlıq

06.03.2025 12:20

1513

Alimlər hesab edirlər ki, ağrıkəsici dərman olan aspirin xərçəngin yayılmasının qarşısını ala bilər. 

TodayPress “BBC News”ə istinadən xəbər verir ki, Kembric Universitetinin tədqiqatçıları dərmanın immun sisteminin xərçənglə mübarizə qabiliyyətini artırdığını müəyyən ediblər.

Bu, heyvanlar üzərində aparılan təcrübələrdə sübut olunub. Lakin alimlər gözlənilməz və həyəcanverici kəşfin gələcəkdə xərçəng xəstələrinə aspirinin təyin olunmasına səbəb ola biləcəyini düşünürlər.

Buna baxmayaraq, hazırda insanların həkim məsləhəti olmadan aspirini özbaşına qəbul etməsi tövsiyə olunmur.

Tədqiqatçılar bildirir ki, aspirin xərçəngin metastaz mərhələsində - yəni şişin tək-tək hüceyrələrinin orqanizmin digər hissələrinə yayılmağa çalışdığı anda müdaxilə edə bilər.

Metastaz prosesi xərçəngdən ölüm hallarının əsas səbəbidir. Normalda T-hüceyrələri (ağ qan hüceyrələri) bu yayılmış xərçəng hüceyrələrini tanıyıb məhv edə bilir. Lakin digər qan hüceyrələri olan trombositlər (qanaxmanın qarşısını alan hüceyrələr) T-hüceyrələrinin işini zəiflədir və xərçəngin yayılmasına şərait yaradır.

Alimlər müəyyən ediblər ki, aspirin trombositlərin bu maneəvi təsirini bloklayır və immun sisteminin xərçənglə mübarizəsinə kömək edir.

Professor Rahul Royçoudxuri (Kembric Universiteti) qeyd edib ki, aspirin ən çox erkən mərhələdə aşkarlanan xərçənglər üçün faydalı ola bilər. O, aspirinin əməliyyatdan sonra qəbul edilərək, artıq yayılmış xərçəng hüceyrələrinin aşkarlanmasına kömək edə biləcəyini bildirib. 

Qiymət Mahir

tag: Aspirin,Xərçəng, Xəstəlik, Alimlər, Hüceyrə, todaypress.az,