Aşağı karbohidratlı pəhriz bağırsaq xərçəngi riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
Toronto Universitetinin alimləri aşkar ediblər ki, aşağı karbohidratlı pəhriz bağırsaq mikroorqanizmlərinin DNT-yə zərər verən təsirini gücləndirə bilər və bu da kolorektal xərçəng riskini artırır.
TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “Nature Microbiology”da dərc edilib.
Eksperiment zamanı alimlər siçanları üç fərqli qidalanma qrupuna bölüblər: adi pəhriz, aşağı karbohidratlı pəhriz və yüksək yağ-şəkər tərkibli qərb pəhrizi.
Daha sonra onların orqanizminə DNT-yə zərər verən kolibaktin maddəsi istehsal edən “Escherichia coli” bakteriyasının “Nissle” ştammı yeridilib.
Nəticələr göstərib ki, karbohidrat çatışmazlığı (xüsusilə də lifin azlığı) bağırsaqda iltihabı artırıb və “E. coli” bakteriyasının inkişafı üçün əlverişli mühit yaradıb.
Həmçinin aşağı karbohidratlı pəhriz saxlayan siçanların bağırsaq epitel hüceyrələrini qoruyan selik təbəqəsinin incəldiyi müəyyən edilib. Bu da DNT zədələnməsinə səbəb olan kolibaktinin daha çox nüfuz etməsinə və şiş hüceyrələrinin böyüməsinə yol açıb.
Alimlər bildirirlər ki, bu mexanizmlər insanlarda da mövcud ola bilər. Hazırda tədqiqatçılar yeni bir araşdırma planlaşdırır.
Onlar həll olunan lif əlavəsi olan inulinin bağırsaq xəstəlikləri olan xəstələrdə xərçəng riskini azaldıb-azaltmadığını yoxlamaq istəyirlər.
Qiymət Mahir
tag: Karbohidrat,Pəhriz,Dietoloq, Xəstəlik, Sağlamlıq, Şəkər, todaypress.az,