Araşdırma: Uzunmüddətli narkoz beyin funksiyalarını zəiflədə bilər
Maastricht Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırma uzunmüddətli ümumi anesteziyanın (narkozun) xəstələrin idrak qabiliyyətlərinin zəifləməsi ilə əlaqəli olduğunu üzə çıxarıb.
TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “European Journal of Anaesthesiology” jurnalında dərc olunub.
Məlumatlara əsasən, uzun müddət davam edən narkoz beynin icraedici funksiyalarına mənfi təsir göstərir. Bu, planlaşdırma, təşkilatlanma və davranışı idarəetmə qabiliyyətlərini zəiflədir.
Eyni zamanda, insanın müəyyən stimullara fokuslanmasını təmin edən seçici diqqətin də nəzərəçarpacaq dərəcədə azaldığı müəyyən edilib.
Bundan əlavə, düşünmə və informasiya emalı sürətinin zəiflədiyi, qərarvermə və tapşırıqları yerinə yetirmə prosesinin daha ləng və çətin olduğu müşahidə olunub. Bu dəyişikliklər araşdırma iştirakçılarının 12 il ərzində apardıqları müşahidələri zamanı qeydə alınıb.
Xüsusilə yaşlı insanlarda və təhsil səviyyəsi aşağı olan xəstələrdə idrak funksiyalarının zəifləməsi daha aydın müşahidə edilib. Həmçinin hipertoniya, şəkərli diabet kimi yanaşı xəstəliklərin olması və siqaret çəkmə amilləri beynin icraedici funksiyalarına, diqqətə və informasiya emalına daha çox mənfi təsir göstərib.
Tədqiqatda psixiatrik və nevroloji xəstəlikləri olmayan 1823 yetkin şəxs iştirak edib. İştirakçıların orta yaşı 51,1 olub. Peşəkar anestezioloqlar hər bir pasiyent üçün anesteziyanın müddətini təxmin edib və onların idrak funksiyaları neyropsixoloji testlər vasitəsilə tədqiqatın əvvəlində, eləcə də 6 və 12 ildən sonra qiymətləndirilib.
Alimlər belə nəticəyə gəlib ki, cərrahi əməliyyatlar zamanı uzun müddət ümumi anesteziyaya məruz qalmaq uzunmüddətli dövrdə idrak funksiyalarının azalmasına səbəb ola bilər.
Buna görə də, onlar xüsusilə yaşlı xəstələrdə idrak sağlamlığını qorumaq üçün profilaktik tədbirlərin görülməsinin və sağlam həyat tərzinin vacibliyini vurğulayırlar. Uşaqlara gəldikdə isə, tədqiqatlar göstərir ki, ümumi anesteziya erkən yaşda aparıldıqda öyrənmə prosesində çətinliklərə, psixi inkişaf geriliyinə və diqqət çatışmazlığı/hiperaktivlik sindromuna səbəb ola bilər.
Qiymət Mahir
tag: Narkoz,Sağlamlıq,Beyin,Tədqiqatçılar,Alimlər,Zəiflik,todaypress.az,