Anadakı iltihab körpənin beyin inkişafına təsir edir
Yaponiyanın Naqoya Universitetinin Ali Tibb Məktəbinin rəhbərliyi altında aparılan yeni araşdırma ana orqanizmində baş verən iltihabın körpələrdə neyroinkişafın ləngiməsi ilə necə əlaqəli ola biləcəyini göstərir.
TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “Communications Biology” jurnalında dərc olunub.
Tədqiqat “CD11c-pozitiv” mikrogliya hüceyrələrinin bu prosesdəki rolunu ön plana çıxarır.
Beynin immun hüceyrələri sinir liflərinin mielin qatı ilə örtülməsi prosesində (mielinizasiya) mühüm rol oynayır. Mielin qatı isə sinir impulslarının sürətli və effektiv ötürülməsi üçün həyati əhəmiyyət daşıyır.
Alimlər əvvəlcə ana iltihabına məruz qalmış siçanlarda eksperiment aparıb və məlum olub ki, “CD11c-pozitiv” mikrogliyanın çoxalması bu hallarda azalıb.
Daha sonra isə tədqiqatçılar bu nəticələrin insanlara nə dərəcədə şamil oluna biləcəyini öyrənmək məqsədilə xorioamniotit (hamiləlik dövründə baş verən iltihabi xəstəlik) diaqnozu qoyulmuş yarımçıq doğulmuş körpələrin göbək qanı nümunələrini analiz ediblər.
Nəticələr göstərib ki, bu uşaqlarda “IGF-1” adlı zülalın səviyyəsi aşağı olub. Bu zülal “CD11c-pozitiv” mikrogliya ilə əlaqəlidir. Həmin körpələrdə aparılan “MRT” müayinələri də mielinizasiya prosesində gecikmələrin daha çox olduğunu təsdiqləyib.
Araşdırma ana orqanizmindəki iltihabın dölün sinir sisteminə təsir mexanizmini daha dərindən anlamağa imkan yaradır.
Alimlər bu nəticələrin, gələcəkdə hamiləlik dövründə yaranan iltihabların neyroinkişafa mənfi təsirini azaltmağa yönəlmiş yeni terapevtik strategiyaların hazırlanmasına töhfə verəcəyinə ümid edirlər.
Qiymət Mahir
tag: Ana,Övlad,İltihab,Beyin,İnkişaf,Təsir,Todaypress.az,