Alopesiya ilə bağlı yeni kəşf: Saçların tökülməsinə qarşı zülal

Sağlamlıq

30.03.2025 14:25

1839

Alopesiya – dünya əhalisinin təxminən 2%-nin həyatının müəyyən mərhələsində qarşılaşdığı və başda, həmçinin bədəndə saçların geri dönüşü olmayan şəkildə tökülməsi ilə nəticələnən autoimmün xəstəlikdir. 

TodayPress “Nature Communications”a istinadən xəbər verir ki, Avstraliya, Sinqapur və Çin alimlərinin birgə araşdırması bu xəstəliyin səbəbləri ilə bağlı mühüm nəticələr ortaya qoyub.

Tədqiqatçılar müəyyən ediblər ki, saçların yenilənməsi və böyüməsində əsas rol oynayan aktivləşmiş saç follikulu kök hüceyrələrinin (HFSC) sağlam fəaliyyəti üçün “MCL-1” adlı güclü qoruyucu zülalın mövcudluğu vacibdir

Məlumdur ki, saç follikulları dəridə yerləşən və saçların böyüməsini təmin edən tunelvari strukturlardır. Onlar həyat dövrü ərzində üç əsas mərhələdən keçir: aktiv böyümə fazası (anagen), keçid mərhələsi (katagen) və istirahət fazası (telogen), bu mərhələlər “HFSC” tərəfindən idarə olunur. Lakin bu hüceyrələr stressə məruz qalanda, məsələn, saçın tökülməsi və ya follikulların kiçilməsi hallarında, proqramlaşdırılmış hüceyrə ölümü – apoptoz prosesi işə düşə bilər.

Bu apoptoz prosesi “BCL-2” ailəsinə aid olan zülallar tərəfindən tənzimlənir. “MCL-1” bu ailənin üzvüdür və hüceyrənin sağ qalmasına yardım edən əsas zülallardan sayılır. Onun “HFSC” və saç regenerasiyasındakı dəqiq rolu isə indiyə qədər tam aydın deyildi.

Tədqiqatçılar bu məqsədlə siçanlar üzərində təcrübə aparıblar – onların dəri hüceyrələrindən “MCL-1” genini silərək bəzi saç sahələrini çıxarıblar. Müşahidələr göstərib ki, “MCL-1”in olmaması saç follikullarının ilkin formalaşmasına mane olmur, lakin zamanla “HFSC” sayının azalması nəticəsində tədricən saç tökülməsinə gətirib çıxarır.

Qiymət Mahir

tag: Alopesiya,Saç,Xəstəlik,Zülal,todaypress.az,