Alimlər: Yuxusuzluq yeniyetmələrdə yüksək təzyiq riskini 5 dəfə artırır
Yeni araşdırma göstərib ki, gündə 7,7 saatdan az yatan yeniyetmələr yüksək qan təzyiqindən daha çox əziyyət çəkir. Xüsusilə həm yuxusuzluqdan, həm də yuxu çatışmazlığından əziyyət çəkənlərdə hipertoniya riski 5 dəfə artır.
TodayPress xəbər verir ki, bu nəticələr Amerika Ürək Assosiasiyasının (AHA) Yeni Orleandakı konfransında təqdim olunub.
Alimlər xəbərdarlıq edib ki, yeniyetmə yaşında yüksək qan təzyiqi gələcəkdə ciddi ürək problemlərinə səbəb ola bilər.
Araşdırma çərçivəsində Pensilvaniya ştatının üç məktəb dairəsindən 421 şagird iştirak edib. Onlardan bütün gecəni laboratoriyada keçirmək və orada yuxu müddətinin ölçülməsi tələb olunub.
Tədqiqatçılar işıq söndürülmədən 2-3 saat əvvəl yeniyetmələrin qan təzyiqini bir neçə dəfə yoxlayıblar. Məlum olub ki, həm yuxusuzluqdan, həm də yuxu çatışmazlığından əziyyət çəkənlərin sistolik təzyiqi 140-dan yuxarı olur. Lakin beyin fəaliyyətində yuxu problemləri müşahidə olunan, amma laboratoriyada 7,7 saatdan çox yatmış yeniyetmələrdə təzyiqin artması riski qeydə alınmayıb.
Alimlər bildiriblər ki, yetkinlik dövründə sağlam yuxu rejimi qorunmazsa, gələcəkdə hipertoniya və ürək-damar xəstəlikləri qaçılmaz ola bilər.
Qiymət Mahir
tag: Yuxusuzluq ,Ritm ,Bioloji,Gecə ,todaypress.az,