Alimlər yeni antibiotik sinfi kəşf etdilər

Sağlamlıq

05.04.2025 12:50

2443

Konstans və Vyana universitetlərinin alimləri “Neisseria gonorrhoeae” bakteriyasına, yəni gonoreya xəstəliyinin törədicisinə  qarşı seçici təsir göstərən yeni antibiotik sinfi kəşf ediblər. 

TodayPress xəbər verir ki, bu nəticələr “Nature Microbiology” jurnalında dərc olunub.

Yeni maddə bakteriyanın özünüməhv (intihar) mexanizmini aktivləşdirərək, hətta çoxsaylı antibiotiklərə davamlı olan (“süperbakteriyalar”) ştammları belə təsirsiz hala gətirir.

Mütəxəssislər bu maddəni alkilxinolonlar (AQ) adlanan və təbii olaraq bəzi bakteriyalar tərəfindən digər bakteriyalara qarşı istehsal olunan birləşmələrdən əldə ediblər.

Onlar bu maddəni laboratoriya şəraitində yenidən sintez edərək dəyişdirilmiş variantlar hazırlayıblar. Kəşf edilən molekulun xüsusiyyəti ondan ibarətdir ki, o, yalnız gonokokklara təsir edir, digər mikroorqanizmlərə və insan hüceyrələrinə isə zərər vermir. Bu, onu antibiotiklər arasında unikal edir.

Məlum olduğu kimi, “Neisseria gonorrhoeae” yalnız insan orqanizmində rast gəlinən bakteriyadır və cinsi yolla, həmçinin doğuş zamanı anadan uşağa keçə bilər. Bu patogen, xüsusilə antibiotiklərin yaranmasından əvvəl, körpələrdə korluğun əsas səbəblərindən biri hesab olunurdu. Bakteriya yüksək dərəcədə genetik çeviklik nümayiş etdirərək digər mikroblardan antibiotikə davamlılıq genlərini qəbul edə bilir. Bu xüsusiyyət onu müasir tibbdə müalicəsi çətin olan xəstəliklər sırasına daxil edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Neisseria gonorrhoeae”ni ən təhlükəli 15 antibiotikə davamlı patogen siyahısına daxil edib və bu bakteriyaya qarşı yeni dərmanların hazırlanmasının prioritet olduğunu bəyan edib.

Tədqiqatçılar aşkar ediblər ki, yeni antibiotik gonokokklarda mövcud olan toksin, antitoksin sistemini hədəfləyir: maddə əvvəlcə antitoksini parçalayır, daha sonra sərbəst buraxılmış toksin bakteriyanı məhv edir.

Maraqlıdır ki, bu sistem yalnız gonokokklarda aktivdir, buna görə də yeni antibiotik digər bakteriyaları zədələmir. Alimlər hesab edirlər ki, bu prinsip gələcəkdə digər infeksion bakteriyalara qarşı da uyğunlaşdırıla bilər.

Qiymət Mahir

tag: Antibiotik, Tədqiqat, Alimlər, İnstitut, todaypress.az,