Alimlər: Xroniki stress gənc qadınlarda insult riskini 78% artırır
Yeni araşdırma göstərib ki, xroniki stress gənc qadınlarda insult riskini əhəmiyyətli dərəcədə artırır. Orta səviyyədə stress qadınlarda insult ehtimalını 78% yüksəldir, lakin kişilərdə bu təsir müşahidə olunmur.
TodayPress xəbər verir ki, bu barədə “Neurology” jurnalında dərc olunan tədqiqatda bildirilib.
Araşdırma çərçivəsində alimlər 18-49 yaş arası 426 avropalı insult xəstəsinin sağlamlıq göstəricilərini insult keçirməmiş 426 sağlam insanla müqayisə ediblər. İştirakçılar 10 sualdan ibarət sorğu doldurublar. İnsult keçirənlərdən hadisədən bir ay əvvəl yaşadıqları stress səviyyəsini xatırlamaları istənilib.
“Son bir ay ərzində həyatınızdakı vacib məsələləri nəzarət altında saxlaya bilmədiyinizi nə qədər tez-tez hiss etmisiniz?” sual sorğuda yer alıb. Məlum olub ki, insult keçirənlər arasında orta və yüksək stress səviyyəsi olanların faizi 46%-dir, halbuki sağlam qrupda bu göstərici 33%-dir. Alimlər digər insult risk faktorlarını da nəzərə aldıqdan sonra müəyyən ediblər ki, orta səviyyədə stress yaşayan qadınlarda insult riski 78% artır.
Tədqiqatçılar stresin idarə olunmasının gənc qadınlar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və bu istiqamətdə profilaktik tədbirlərin gücləndirilməsini tövsiyə ediblər.
Qiymət Mahir
tag: Alimlər,Qadın,İnsult,Risk,Todaypress.az,